SİYASƏT


Vyanada Avstriya-Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyinin rəsmi açılışı olub

Vyana, 12 noyabr, AZƏRTAC

Noyabrın 12-də Vyanada Avstriya-Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyinin (AZER-DER) rəsmi açılışı keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, ölkəmizin Avstriyadakı səfiri Qalib İsrafilov, Türkiyənin Vyana şəhərindəki baş konsulu Asip Kaya, türkdilli ölkələrin səfirliklərinin təmsilçiləri, Azərbaycan və türk diaspor fəalları, Avstriya ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Fuad Muradov çıxışında xaricdə yaşayan soydaşlarımızın təşkilatlanmasında mədəniyyət mərkəzləri və Azərbaycan evlərinin əhəmiyyətini xüsusilə qeyd edib. Həm soydaşlarımızın bir araya gəlməsi və milli-mədəni dəyərlərin yaşadılmasında, həm də yerli ictimaiyyətə Azərbaycan haqqında həqiqətlərin çatdırılmasında bu kimi mərkəzlərin gələcəkdə daha mühüm rol oynayacağına ümid ifadə olunub. Azərbaycanın ən ağrılı problemi – Azərbaycan torpaqlarının qonşu Ermənistan tərəfindən işğal edilməsi və Qarabağ haqqında gerçəklərin dünya ictimaiyyətinə çatdırılması işində diaspor fəallarına uğurlar arzulanıb.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşünün ötən ay Bakıda keçirildiyini diqqətə çatdıran F.Muradov türkdilli ölkələrin xaricdəki diaspor təşkilatları arasında əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov Avstriyadakı Azərbaycan diasporunun aparıcı qüvvələrindən biri olan bu təşkilatın fəaliyyətindən bəhs edib. O qeyd edib ki, bu təşkilat təkcə Azərbaycan icmasının deyil, eyni zamanda, türkdilli ölkələrdən Avstriyada yaşayan insanların sevimli məkanıdır. Burada tez-tez müxtəlif səpkili tədbirlər, milli bayramları, uşaq və böyüklər üçün kurslar təşkil olunur. O, təşkilatın rəhbəri Yardım Günəşə və təşkilatın fəallarına bu missiyada uğurlar arzulayıb.

Türkiyənin Vyana baş konsulu Asip Kaya Azərbaycan və türk diasporlarının daim bir arada fəaliyyət göstərməsindən məmnunluq ifadə edərək, Vyana şəhərində də diaspora təşkilatları arasında sıx əməkdaşlığın mövcud olduğunu bildirib.

Tədbirin yekununda Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradova diaspor təşkilatı və Azərbaycan icmasının adından xatirə hədiyyəsi təqdim edilib.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.