MƏDƏNİYYƏT


Vyanada Azərbaycan muğam axşamı təşkil olunub

Vyana, 23 sentyabr, AZƏRTAC

Sentyabrın 22-də Vyanada “Sargfabrik” mədəniyyət evində Əməkdar artistlər - tarzən Sahib Paşazadə və nağara ifaçısı Kamran Kərimov Azərbaycan muğamlarından ibarət instrumental konsert proqramı ilə çıxış ediblər.

AZƏRTAC xəbər verir ki, konsertdən öncə “Sargfabrik” mədəniyyət evinin təmsilçisi Lukas Handle Azərbaycan Mədəniyyət Mərkəzi və “Kulteurasia” təşkilatına bu konsert proqramının ərsəyə gəlməsindəki əməkdaşlığa görə təşəkkür edib.

“Kulteurasia” təşkilatının rəhbəri Daniela Libervirt konsertin iştirakçılarına Azərbaycan haqqında ümumi məlumat verib, Azərbaycan muğamları, muğam sənəti və milli çalğı alətlərindən bəhs edib. Bildirilib ki, nüfuzlu “Şərq təranələri” festivalında Qran-Pri mükafatına layiq görülən S. Paşazadə və K. Kərimov birgə proqramla mütəmadi olaraq xarici ölkələrə qastrol səfərlərinə çıxır, festivallara qatılırlar. Almaniyada bu qəbildən olan festivallardan birində onların ifasını bəyənən D. Libervirt muğam ifaçılarını Vyanaya dəvət edib. İndiyədək Avstriyada dəfələrlə konsert proqramlarında çıxış etsələr də, bu, onların Avstriyada ilk solo konsertidir.

D.Libervirt qeyd edib ki, koronavirus pandemiyası ilə əlaqədar konsert proqramı iki dəfə təxirə salınmağına baxmayaraq, Azərbaycan ifaçılarının Vyanada musiqisevərlərlə görüşü mümkün olub. O, Azərbaycanın Avstriyadakı səfirliyi və Azərbaycan Mədəniyyət Mərkəzinə səmərəli əməkdaşlığa görə minnətdarlıq edib, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə təşkilatı dəstəyə görə xüsusi təşəkkürünü ifadə edib.

Konsertin ilk hissəsində S. Paşazadə və K. Kərimov “Mahur hindi” muğamını tam olaraq dəstgah şəklində və “Bayatı-Şiraz” muğamı və kompozisiyasını ifa ediblər. Kompozisiyaya daxil edilmiş xalq mahnıları və nağaranın ifasında solo ifa tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Konsertin ikinci hissəsi Azərbaycan muğamları içərisində özünəməxsus yerə malik “Segah” muğamı səsləndirilib. Muğam kompozisiyasının tərkibində Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə ithafən “Şuşanın dağları” mahnısı ifa olunub. Sonra 2017-ci ildə Səmərqənddə “Şərq təranələri” festivalında Azərbaycan musiqiçilərinə Qran-Pri mükafatını qazandıran və onlara dünya şöhrəti gətirən “Şur” kompozisiyası tamaşaçılara təqdim olunub. Sürəkli alqışlarla keçən konsertin zirvə nöqtəsini isə Azərbaycanın dilbər guşəsi Qarabağa həsr olunan “Qarabağ” mahnısı və “Qarabağ şikəstəsi” təşkil edib.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.