MƏDƏNİYYƏT
Vyanada Azərbaycan və Avstriya musiqiçiləri birgə konsert veriblər VİDEO
Artıq uzun illərdən bəri bu əlamətdar günlə əlaqədar Azərbaycan və Avstriya musiqiçiləri Vyanada birgə konsert proqramı ilə çıxış edirlər.
Oktyabrın 7-də Vyananın “Konzerthaus” mədəniyyət evinin “Motsart zalı”nda Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət klassik konsert proqramı təşkil olunub.
Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirilən musiqi axşamında Avstriya parlamentinin deputatları, dövlət və hökumət üzvləri, Vyanada akkreditə olunmuş diplomatik korpus və beynəlxalq təşkilatların təmsilçiləri, bu ölkədə yaşayan və təhsil alan azərbaycanlılar, musiqisevərlər iştirak ediblər.
Konsertdə məşhur violonçel ifaçısı və dirijor Dmitri Yablonskinin dirijorluğu ilə Avstriyanın tanınmış Vyana Kamera Orkestri və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli çıxış ediblər. Azərbaycan bəstəkarları Qara Qarayev, Vaqif Mustafazadə və Fikrət Əmirovun simfoniya və orkestr üçün konsert əsərləri avstriyalı musiqisevərlər tərəfindən sürəkli alqışla qarşılanıb. Tamaşaçıların təkidli istəyini nəzərə alaraq Fərhad Bədəlbəyli öz bəstəsi olan “Dəniz” kompozisiyasını və bəstəkar Tofiq Quliyevin “Qaytağı” əsərini ifa edib.
Bununla da Avstriyanın ən mükəmməl akustikaya malik “Motsart zalı”nda səslənən Azərbaycan musiqisi növbəti dəfə klassik musiqinin paytaxtı sayılan Vyana şəhərində musiqisevərlərin qəlbini fəth edib.
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana