DÜNYA
Vyanada Milad bazarlarında yeni təhlüksəzlik tədbirləri görülüb
Vyana, 25 noyabr, AZƏRTAC
Yeni il yaxınlaşdıqca bir çox Avropa ölkələrində Milad bazarları kiçikdən böyüyə çox insanın həvəslə baş çəkdiyi məkana çevrilir. Lakin son dövrlərdə əhalinin kütləvi toplaşdığı məkanlara yük maşınları ilə terror hücumları əhalinin asayişini qorumaq üçün hüquq mühafizə orqanları qarşısında yeni suallar çıxarıb.
AZƏRTAC xəbər verir ki, Vyana Şəhər Bələdiyyəsi antiterror tədbirlərini gücləndirmək məqsədilə yeni üsulun tətbiqinə başlayıb. Şəhərdə Milad bazarları və şəhərin piyadalar üçün nəzərdə tutulan meydan və alış-veriş zonalarının girişlərində hər biri 2,5 ton olan beton blokların quraşdırılmasına başlanılıb. İlk belə bloklar artıq Vyana Şəhər Bələdiyyəsinin qarşısında açılan və bir ay ərzində ümumilikdə təxminən bir milyondan çox insanın baş çəkdiyi Milad bazarının girişlərində quraşdırılıb. Nəqliyyat vasitələrinin əraziyə daxil olmasını əngəlləyən beton bloklar metal troslar vasitəsilə yeraltı dayaqlara birləşdirilib. Bayramsayağı bəzədilən bu maneələr bazara gələnlərin xüsusi diqqətini cəlb etmir və sanki yeni il ab-havasının tərkib hissəsi təsirini bağışlayır.
Şəhər bələdiyyəsindən bildirilib ki, Milad bazarlarının təhlükəsizliyini təmin etmək üçün quraşdırılan bu bloklardan yaxın gələcəkdə şəhərin müxtəlif məkanlarında da istifadə olunacaq.
DEKRA sınaq qurumunun apardığı testlər nəticəsində ilk dəfə Almaniyanın müxtəlif şəhərlərində tətbiq edilən beton blokların zəif cəhətləri aşkarlanıb. Aparılan test yürüşlərində on tonluq yük maşınları heç bir dayağa bərkidilməyən beton blokları dəf edərək, ikinci beton səddə kimi irəliləyiblər. Məhz bu səbəbdən də vyanalı mühəndislər beton blokları yeraltı troslarla bir-birinə bağlamaqla problemin həlli üçün yeni üsul tətbiq ediblər.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana