MƏDƏNİYYƏT


Vyanada “Muğam və klassik musiqinin görüşü” adlı konsert keçirilib  VİDEO

Vyana, 22 oktyabr, AZƏRTAC

Oktyabrın 21-də Vyanada “Salam Orient” (“Salam Şərq”) festivalı çərçivəsində “Muğam və klassik musiqinin görüşü” adlı konsert təşkil edilib.

Konsert Avstriya Teleradiosu (ORF) ilə Azərbaycan Mədəniyyət Mərkəzi və “Salam Orient” festivalının birgə təşkilatçılığı ilə “ORF Radiokulturhaus” konsert zalında baş tutub.

Konsertdən əvvəl festivalın həmtəşkilatçısı və bədii rəhbəri Martina Raab çıxış edib. O, bu il festival çərçivəsində Vyana tamaşaçılarına premyera sayılacaq bir konsertin təqdim olunduğunu bildirib. Qeyd edilib ki, Azərbaycandan dəvət olunmuş ənənəvi muğam ansamblı və Vyanada təsis olunmuş klassik orkestrin birgə konserti musiqi rəngarəngliyi ilə yanaşı, öz beynəlmiləl xüsusiyyəti ilə də diqqəti cəlb edir. Bu konsertdə Avropa klassikası ilə Şərq musiqisinin keyfiyyətli və uğurlu sintezi tamaşaçılara təqdim edilir.

Festivalın rəhbəri Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinə bu əməkdaşlığın baş tutmasında göstərdiyi təşkilati və maddi dəstəyə görə minnətdarlıq edib.

Konsertin ilk hissəsində Azərbaycanın Əməkdar Artisti Nuriyyə Hüseynovanın rəhbərlik etdiyi muğam ansamblı çıxış edib. Muğam ansamblı yeddi əsas muğamı axıcı keçidlərlə müxtəlif təsnif və xalq mahnıları ilə birlikdə ifa edib.

Konsertin ikinci hissəsində isə xalq və bəstəkar mahnılarına yer verilib. Gənc dirijor Mustafa Mehmandarovun bədii rəhbəri olduğu “Xəzər virtuozları” orkestri muğam ansamblı ilə birlikdə bəstəkarlar Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Aqşin Əlizadə və Vasif Adıgözəlovun əsərlərini və xalq mahnıları səsləndirib. Konsertin zirvə nöqtəsini isə “Qarabağ şikəstəsi” zərbi muğamı təşkil edib.

Konsert “Avstriya 1” (“Ö1”) radiosu tərəfindən lentə alınıb və yaxın müddətdə radionun dünya musiqisinə həsr olunmuş verilişlərində səsləndirilməsi nəzərdə tutulur.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.