MƏDƏNİYYƏT
Vyanada Novruz bayramı münasibətilə konsert keçirilib VİDEO
Vyana, 14 mart, AZƏRTAC
Martın 14-də Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində elimizin ən əziz bayramı olan Novruz bayramı münasibətilə konsert keçirilib.
Tədbirdə Vyanada akkreditə olmuş diplomatik korpusun nümayəndələri, müxtəlif ölkələrin milli icmalarının təmsilçiləri, bu ölkədə yaşayan həmvətənlərimiz və avstriyalı qonaqlar iştirak ediblər.
Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova baharın müjdəçisi olan Novruz bayramı haqqında məlumat verib. Bildirilib ki, Novruz bayramı minilliklərdən bəri Balkanlardan tutmuş Orta Asiyayadək bir çox ölkələrdə 300 milyondan artıq insanın ortaq mənəvi dəyəri kimi qiymətləndirilir, Azərbaycanda isə xalq arasında böyük sevgi ilə ilin ən əziz bayramı kimi geniş şəkildə qeyd edilir. Məhz bu səbəbdən də Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın səyləri nəticəsində xalqımızın bu əziz bayramı artıq UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. Həmçinin BMT Baş Məclisi tərəfindən 21 mart tarixi Beynəlxalq Novruz Günü elan edilib.
Builki bayram tədbirinin “İlaxır çərşənbə” gününə təsadüf etdiyini diqqətə çatdıran L.Qasımova Novruzun əsas tərkib hissəsi olan çərşənbə axşamları, onların təmsil etdiyi dörd ünsür, bu bayramın mifoloji və etnoloji mahiyyəti barədə danışıb.
Sonra Azərbaycan Mədəniyyət Mərkəzi nəzdində fəaliyyət göstərən Azərbaycan dili həftəsonu məktəbinin şagirdləri Novruz proqramı ilə çıxış ediblər.
Daha sonra tədbir bədii hissə ilə davam etdirilib.
Sonda qonaqlara Azərbaycan milli şirniyyatlarından ibarət bayram hədiyyələri paylanılıb.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana