Vyanada OPEC Nazirlər Şurasının 174-cü iclası işə başlayıb
AzerTAg.az

Bakı, 22 iyun, Nihad Budaqov, AZƏRTAC
İyunun 22-də Avstriyanın paytaxtı Vyanada Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Nazirlər Şurasının 174-cü iclası işə başlayıb.
AZƏRTAC OPEC-ə istinadla xəbər verir ki, iclasın açılışında Birləşmiş Ərəb Əmirliklərinin energetika naziri, OPEC Konfransının prezidenti Suhail Mohamed Al Mazrouei çıxış edib.
İki gün davam edəcək iclasda neft bazarındakı vəziyyət, hasilatının azaldılması ilə bağlı mövcud öhdəliklərə dəyişiklik edilməsinin mümkün variantları nəzərdən keçiriləcək. Bazarda tələb-təklif tarazlığının yaranmasına üçün OPEC və OPEC+ razılaşması üzrə neft hasilatına dair kvotaların artırılması OPEC Nazirlər Şurasının əsas müzakirə mövzusu olacaq.
Qeyd edək ki, Vyanada səfərdə olan Azərbaycanın energetika naziri Pərviz Şahbazov OPEC Nazirlər Şurasının iyunun 23-də keçiriləcək 174-cü iclası çərçivəsində OPEC və qeyri-OPEC nazirlərinin 4-cü iclasına qatılacaq.
Xatırladaq ki, 2016-cı il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Həmin il dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. Ötən il mayın 25-də OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində təşkilata üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunub. Noyabrın 30-da isə OPEC Nazirlər Şurasının 173-cü iclası çərçivəsində OPEC-ə üzv və kartelə daxil olmayan dövlətlərin nazirlərinin üçüncü görüşündə neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin sonuna kimi uzadılması ilə bağlı qərar qəbul olunub. OPEC və qeyri-OPEC ölkələrinin bu yeni razılaşmasına Azərbaycan da qoşulub. Gündəlik neft hasilatının 834 min barrel həcmində saxlanmasına dair razılaşma müqabilində Azərbaycan istehsalı sutkada 35 min barrel azaltmaqla bağlı götürdüyü öhdəliyi ötən müddətdə tam yerinə yetirib.
Xəbərin mətnində orfoqrafik səhv var