İQTİSADİYYAT
Vyanada OPEC və qeyri-OPEC nazirlərinin 4-cü iclası keçirilib YENİLƏNİB
İclas zamanı Azərbaycan nümayəndə heyəti Bibiheybət neft buruğunun əksi olan tablonu OPEC-ə hədiyyə edib
Vyana, 23 iyun, AZƏRTAC
İyunun 23-də Avstriyanın paytaxtı Vyanada Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və kartelə daxil olmayan bəzi ölkələrin nazirlərinin 4-cü iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasın açılışında OPEC-in baş katibi Məhəmməd Sanusi Barkindo, Birləşmiş Ərəb Əmirliklərinin energetika naziri, OPEC Konfransının prezidenti Suhail Mohamed Al Mazrouei və Rusiyanın energetika naziri Aleksandr Novak çıxış ediblər. Natiqlər dünya neft bazarındakı müsbət irəliləyiş, OPEC və qeyri-OPEC ölkələri arasındakı uğurlu əməkdaşlıq və qəbul ediləcək birgə qərarların neft bazarına uzunmüddətli təsirindən danışıblar.
Sonra dünyada sənaye üsulu ilə ilk dəfə neft çıxarılan Bibiheybət neft buruğunun əksi olan tablo Azərbaycan nümayəndə heyəti tərəfindən OPEC-ə hədiyyə edilib.
Azərbaycanın energetika naziri Pərviz Şahbazov təqdimat zamanı bildirib ki, Azərbaycan “Əməkdaşlıq Bəyannaməsi”nin başlanğıcından etibarən öz öhdəliyinə sadiqdir: “Azərbaycan həm də bu təşəbbüsün fəal iştirakçılarından biridir. Azərbaycanda neft hələ qədim dövrdən çıxarılır. 1846-cı ildə dünyada sənaye üsulu ilə ilk dəfə neft məhz Azərbaycanda, Bakıda hasil olunub. O gündən etibarən neftin yeni dövrü başlayıb və bu vaxta qədər uğurla davam etdirilir”.
P.Şahbazov iclas iştirakçılarına Azərbaycan Prezidenti İlham Əliyevin OPEC və qeyri-OPEC nazirləri səviyyəsində tədbirlərdən birinin Bakıda keçirilməsinə dair dəvətini çatdırıb. Nazir qeyd edib ki, bu, hər kəs üçün nəinki Bakıdakı konfransda iştirak etmək, eləcə də dünyanın neft sənayesinin müqəddəs yeri olan Azərbaycan paytaxtını görməyə gözəl bir imkan olacaq.
OPEC-in baş katibi Məhəmməd Sanusi Barkindo deyib ki, dünyada ilk dəfə sənaye üsulu ilə neftin Azərbaycanda çıxarılması, hətta Marko Polonun bundan bəhs etməsi bu diyarın qədim neft ölkəsi olduğunu göstərir. Məhz buna görə də Azərbaycanın iclasda iştirakı toplantının əhəmiyyətini artırır. O, Azərbaycanın OPEC+ əməkdaşlığı üzrə vacib rol oynamağa davam edəcəyinə ümidvar olduğunu vurğulayıb.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana