MƏDƏNİYYƏT


Vyanada Reza Deqatinin fotoəsərlərindən ibarət “Qarabağın ruhu - sülhə doğru uzun yol” adlı sərgi açılıb VİDEO

Vyana, 30 mart, AZƏRTAC

Martın 30-da Vyanada Azərbaycanın ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumuna (TƏF) sədrliyi çərçivəsində “Qarabağın ruhu - sülhə doğru uzun yol” adlı sərginin açılışı baş tutub.

AZƏRTAC xəbər verir ki, tanınmış fotojurnalist Reza Deqatinin fotolarından ibarət sərgidə Qarabağ və ətraf ərazilərin işğal dövründəki və azad edildikdən sonrakı vəziyyəti təqdim edilib.

Vyana şəhərinin mərkəzindəki qalereyalardan birində keçirilən tədbiri giriş sözü ilə Azərbaycanın Avstriyadakı səfiri Rövşən Sadıqbəyli açaraq qeyd edib ki, sərginin əsas məqsədi müharibənin dəhşətlərini göstərməklə yanaşı, gələcəyə baxmaq, sülhü təbliğ etməkdir. Reza Deqatinin fotoları münaqişələri və insan faciəsini əks etdirsə də, onlar həm də gələcəyə sönməz ümid ifadə edir.

Bildirilib ki, sərgidə Ermənistan və Azərbaycan arasında təxminən 30 il davam edən münaqişənin nəticələri, insan iztirabları və ümidsizliyini əks etdirən əsərlər toplanıb. Lakin bu sərgi heç də müharibə haqqında deyil, daha çox münaqişədən sonra öz ata-baba yurdlarına geri dönmək istəyən insanların əzmi, vətən sevgisi, illərlə keçirdikləri iztirablar və münaqişədən sonra isə yeni quruculuq və Qarabağın dirçəlişinə həsr olunmuş bir fotoxronikadır.

Diplomat işğaldan azad edilmiş ərazilərdə Azərbaycan dövlətinin öz gücü hesabına apardığı bərpa quruculuq işləri haqqında danışıb və bildirib ki, R.Deqatinin vizual hekayələri regionda sülh quruculuğu səylərinə dəyərli töhfədir. Onun fotoları tamaşaçıda mövzuya diqqəti artırır, münaqişənin törətdiyi dağıntıların miqyası və bir zamanlar qaynar həyatın hökm sürdüyü kənd və şəhərlərin yenidən dirçəldilməsi üçün tələb olunan səylər barədə ətraflı təsəvvür yaradır.

Azərbaycan Prezidentinin işğaldan azad edilmiş ərazilərdə şəxsi nümayəndəsi Emin Hüseynov Qarabağda işğal, faciə, vandalizm dövrünün artıq sona çatdığını və azad edilmiş torpaqlarda aparılan quruculuq işlərinin bütün dünyaya sülh, əməkdaşlıq, humanizm çağırışı olduğunu bildirib.

Reza Deqati çıxışında bildirib ki, 40 ildən artıqdır dünyanın müxtəlif yerlərində müharibə və münaqişə bölgələrindən fotolar çəkir. Lakin o, özünü hərbi fotojurnalist deyil, sülh carçısı hesab edir. O, müharibə və münaqişələr nəticəsində dağılmış məkanları və insan iztirablarını çəkməklə bəşəriyyəti müharibə və qırğınlardan çəkinməyə çağırış edir.

R.Deqati bildirib ki, son 30 ildə intensiv şəkildə səfər etdiyi ölkələrdən biri də Azərbaycan olub və Qarabağda törədilmiş cinayətləri, insanlıq faciələrini, dağıdılmış evləri fotolara köçürərək bütün dünyaya nümayiş etdirməyi qarşısına məqsəd qoyub. Çünki həmin dövrdə Azərbaycanda gördükləri, şəhər və kəndlərin sistemli şəkildə məhv edilməsi, insanların öz tarixi yurdlarından qovulması kimi qeyri-insani hadisələrə dünya ictimaiyyəti göz yumub, Azərbaycan torpaqlarının işğalına susqunluq nümayiş etdirib. İncəsənət və mədəniyyətin gücünə inanan müəllif Azərbaycan haqqında həqiqətləri fotoların dili ilə dünyaya çatdırmağa başlayıb: “Mənim hədəfim səssiz qalmış insanların səsini dünyaya çatdırmaqdır!”.

Məşhur fotojurnalist 44 günlük Vətən müharibəsindəki tarixi zəfərdən sonra Qarabağa ilk səfər edən xarici fotojurnalist kimi burada gördüklərindən danışıb. O, ermənilərin Qarabağda törətdiyi dağıntılardan bəhs edərkən, erməni iddialarına da cavab verib: “Bu torpaqların öz əzəli vətəni olduğunu iddia edənlər niyə 30 il boyunca həmin əraziləri məhv etməklə məşğul olublar?”.

Müəllif qeyd edib ki, münaqişə başa çatandan ötən ilyarımlıq dövr ərzində Azərbaycan Qarabağın dirçəldilməsi üçün böyük quruculuq işləri görür. İlyarımlıq dövrü əhatə edən qısa dövrdə Azərbaycan başqa ölkələrin uzun illər ərzində edə biləcəyindən daha çox infrastruktur layihələri həyata keçirib və Qarabağda viran olmuş şəhərlərin bərpası sürətlə aparılır. Otuz ilə yaxın xəritədə qara ləkə kimi qalmış torpaqlara yeni nəfəs, həyat qayıdır. Fotosərginin önəmli hissəsi də Qarabağda yeni quruculuq işləri, sülh, əmin-amanlıq və gələcək inkişafa xidmət edən layihələrə həsr olunub. Sərgi vasitəsilə 30 illik işğal dövrünün hazırkı quruculuq dövrü ilə müqayisə etmək mümkündür.

R.Deqati bildirib ki, onun müəllifi olduğu sərgi təkcə tarixi reallıqların toplusu deyil, həm də sülhə və dinc yaşayışa çağırışdır. Vyana şəhəri bu sərgi üçün ilk dayanacaqdır və yaxın gələcəkdə sərginin başqa şəhərlərdə də nümayişi nəzərdə tutulur.

Müəllif sonra nümayiş etdirilən fotoların tarixçəsi və “nəql etdiyi” hekayə barədə sərgi iştirakçılarına məlumat verdi.

Aprelin 14-dək davam edəcək sərgidə Reza Deqatinin 100-dən artıq fotosu, stend, video və kitablar ziyarətçilərə təqdim ediləcək. Sərgidə Qarabağdakı dağıntıların təsvir edilməsi, Xocalı faciəsinə dair ayrıca guşənin olması, ziyarətçilərə işğal dövrü ilə, hazırda sürətlə davam edən tikinti-bərpa dövrünü aydın şəkildə müqayisə etmək imkanı yaradır.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.