MƏDƏNİYYƏT


Vyanada TÜRKSOY-un yubileyi münasibətilə konsert təşkil olunub

Vyana, 1 dekabr, AZƏRTAC

Noyabrın 30-da Vyana şəhərinin mərkəzində yerləşən və zəngin klassik ənənəyə malik Vyana Musiqi Cəmiyyətinin Brams zalında Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) 25 illik yubileyi münasibətilə konsert proqramı təşkil edilib.

AZƏRTAC xəbər verir ki, konsertdə TÜRKSOY-un Gənclər Kamera Orkestri klassik musiqi proqramı ilə çıxış edib.

Vyanada akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin, Avstriyanın yerli ictimaiyyətinin təmsilçilərinin və musiqisevərlərin iştirak etdikləri konsertdən əvvəl TÜRKSOY-un baş katibi Düsen Kaseinov təşkilatda təmsil olunan ölkələr adından çıxış edib və Vyanada baş tutan bu konsertin ərsəyə gəlməsində dəstəyi olan türkdilli ölkələrin səfirliklərinə minnətdarlığını bildirib. Qeyd edilib ki, müxtəlif türkdilli ölkələrdən gənc istedadların cəmləşdiyi bu orkestr türkdilli ölkələrdə bəstələnən klassik əsərləri dünya ictimaiyyətinə tanıdır. Digər tərəfdən isə bu gənclərin belə bir orkestrdə bir araya gəlməsi, onların gələcək sənət yolu və ümumiyyətlə, türkdilli ölkələrin istedadlı gənclərinin yaradıcı ünsiyyətinin qurulmasına böyük töhfə verir.

Tədbirin bədii hissəsində türk dünyasını təmsil edən beş ölkədən, ümumilikdə, 20-dən çox musiqiçinin iştirak etdiyi kamera orkestri konsert proqramı ilə çıxış edib. Azərbaycan Simfonik Orkestrinin dirijoru, TÜRKSOY Gənclər Kamera Orkestrinin qonaq-dirijoru Mustafa Mehmandarovun idarə etdiyi orkestrin konsertində həm Avropa bəstəkarlarının, həm də türk dünyası klassiklərinin əsərləri səsləndirilib. Konsertdə Azərbaycan bəstəkarlarından Fikrət Əmirovun “Nizaminin xatirəsinə” simli simfoniyası da səsləndirilib.

Böyük rəğbətlə qarşılanan konsert tamaşaçıların sürəkli alqışları ilə başa çatıb.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.