CƏMİYYƏT


Vyanada alman faşizmi üzərində Qələbənin 77-ci ildönümü qeyd edilib

Vyana, 9 may, AZƏRTAC

Alman faşizmi üzərində Qələbənin 77-ci ildönümü münasibətilə Azərbaycanın Avstriyadakı səfirliyinin əməkdaşları Vyana mərkəzi qəbiristanlığında İkinci Dünya müharibəsində həlak olmuş əsgərlərin xatirəsinə ucaldılmış abidənin və Şvartsenberqplatsda Vyana şəhərinin faşistlərdən azad olunmasında şücaət göstərmiş döyüşçülərin şərəfinə ucaldılmış abidə-kompleksini ziyarət edib, önünə əklil qoyub və onların xatirəsini ehtiramla yad ediblər.

AZƏRTAC xəbər verir ki, İkinci Dünya müharibəsində yüz minlərlə Azərbaycan övladı alman faşizminə qarşı ön cəbhədə rəşadətlə vuruşub. Azərbaycanlılardan təşkil olunmuş milli diviziyalardan birinin döyüş yolu Avstriya torpaqlarından da keçib. 1945-ci ilin yazında Avstriyanın, xüsusilə də Vyananın faşistlərdən azad edilməsində 223-cü Azərbaycan milli atıcı diviziyası böyük şücaət göstərib.

1941-ci ildə yaradılan altı Azərbaycan diviziyasından biri olan 223-cü diviziya Mozdokdan başlayaraq Rusiyanın cənub hissəsi, Ukrayna, Moldova, Rumıniya, Bolqarıstan, Yuqoslaviya, Macarıstan, Avstriya, Çexiya və Almaniyaya qədər şərəfli döyüş yolu keçib. İkinci Ukrayna cəbhəsinin 46-cı ordusu tərkibində Vyananın azad edilməsində göstərdiyi qəhrəmanlığa görə diviziya “Qırmızı bayraq ordeni” ilə təltif olunub.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.