CƏMİYYƏT


Vyanada alman nasizmi üzərində qələbənin 76-cı ildönümü qeyd edilib

Vyana, 9 may, AZƏRTAC

Faşizm üzərində qələbənin 76-cı ildönümü münasibətilə Azərbaycanın Avstriyadakı səfirliyinin əməkdaşları həm ön, həm də arxa cəbhədə vuruşan, bu yolda canından keçən Azərbaycan oğul və qızlarının əziz xatirəsini yad etmək üçün Vyanadakı xatirə komplekslərinə baş çəkiblər.

AZƏRTAC xəbər verir ki, mərasim iştirakçıları ənənəvi olaraq Vyana mərkəzi qəbiristanlığında (Zentralfriedhof) İkinci Dünya müharibəsində həlak olmuş əsgərlərin xatirəsinə ucaldılmış abidə önünə, Vyananın mərkəzi meydanlarından biri olan Şvartsenberqplatsda (Schwarzenbergplatz) şəhərin faşistlərdən azad olunmasında şücaət göstərmiş döyüşçülərin şərəfinə ucaldılmış abidə-kompleks önünə əklil qoyub və onların xatirəsini ehtiramla yad ediblər.

Qeyd edək ki, İkinci Dünya müharibəsində yüz minlərlə Azərbaycan övladı alman nasizminə qarşı ön cəbhədə rəşadətlə vuruşub. Azərbaycanlılardan təşkil olunmuş milli diviziyalardan birinin döyüş yolu Avstriya torpaqlarından da keçib. 1945-ci ilin yazında Avstriyanın, xüsusilə də Vyananın nasistlərdən azad edilməsində 223-cü Azərbaycan milli atıcı diviziyası böyük şücaət göstərib. 1941-ci ildə təsis edilən altı Azərbaycan diviziyasından biri olan 223-cü diviziya Mozdokdan başlayaraq Zaqafqaziya, Cənubi Rusiya, Ukrayna, Moldova, Rumıniya, Bolqarıstan, Yuqoslaviya, Macarıstan, Avstriya, Çexoslovakiya və Almaniyayadək şərəfli döyüş yolu keçib. İkinci Ukrayna cəbhəsinin 46-cı ordusu tərkibində Vyananın azad edilməsində göstərdiyi qəhrəmanlığa görə diviziya “Qırmızı bayraq ordeni” ilə təltif olunub.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.