CƏMİYYƏT


Vyanada erməni terrorunun qurbanı olan diplomatların xatirəsi yad olunub

Vyana, 20 oktyabr, AZƏRTAC

Terror bəşəriyyətin ən böyük bəlaları sırasında yer alır. Cəmiyyəti qorxu içində saxlamaqla öz məqsədlərinə çatmağa çalışan terror təşkilatlarına qarşı mübarizə günümüzün aktual məsələləri sırasındadır. Müxtəlif terror təşkilat və hərəkatları, eləcə də fərdi şəkildə həyata keçirilən terror aktları arasında yaşı XIX əsrə gedib çatan erməni terroru xüsusi yer tutur. 1887-ci ildə yaradılmış “Armenakan”, sonradan “Hnçak” və “Daşnaksütyun” partiyaları “böyük Ermənistan” dövlətinin yaradılmasını qarşısına məqsəd qoymuş radikal erməni təşkilatları öz hədəflərinə nail olmaq üçün siyasi terror aksiyalarından istifadə edilməsini açıq-aşkar öz proqramlarında göstərirdilər. Zaman keçdikcə həm siyasi, həm də terror fəaliyyəti ilə məşğul olan bu qruplaşmalar sırasına ASALA (Ermənistanın azadlığı uğrunda erməni gizli ordusu) kimi sırf terror aksiyaları ilə tanınan, beynəlxalq terrorizm tarixində özünəməxsus yer tutan təşkilatlar da qoşuldu.

Məlum olduğu kimi, erməni terrorunun hədəfi təkcə “böyük Ermənistan”ın qurulmalı olduğu torpaqlardakı düşmənlərə qarşı çevrilməmiş, dünyanın müxtəlif regionlarında da saysız-hesabsız cinayətlər törədilib. İlk növbədə, diplomat və dövlət adamlarına qarşı törədilən terror aksiyalarının baş verdiyi məkanlardan biri də Avstriyanın paytaxtı Vyana şəhəridir.

AZƏRTAC xəbər verir ki, Vyanada fəaliyyət göstərən Avstriya-Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyinin (AZER-DER) təşkilatçılığı ilə Vyana Cinayət Muzeyində bu şəhərdə erməni terrorunun qurbanı olan diplomatların xatirəsinə həsr edilmiş tədbir keçirilib.

Tarix elmləri doktoru İnanc Atılqan öncə tədbir iştirakçılarına erməni terrorunun tarixi haqqında məlumat verib. Qeyd edilib ki, müharibə şəraitində baş verən hadisələr nəzərə alınmadan erməni terrorunu üç əsas tarixi dövrə bölmək olar: 1896-1905-ci illər ilk dövrü, 1918-1923-cü illər ikinci dövrü və 1973-1994-cü illər üçüncü dövrü. 1896-cı ildə Osmanlı Bankını işğal edərək, içərisində əcnəbilərin də olduğu 150 şəxsi əsir götürən erməni terrorçularının əsas hədəfi dünya ictimaiyyətinin diqqətini “erməni məsələsi”nə yönəltmək idi.

Erməni terrorizminin ikinci dalğası isə həm türk, həm də Azərbaycan dövlət xadimlərini əhatə edirdi. 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin Baş Naziri olmuş Fətəli xan Xoyski Tiflisdə qətlə yetirildi, 1921-ci ildə də keçmiş Daxili İşlər naziri Behmud xan Cavanşir də İstanbulda erməni terrorçular tərəfindən öldürüldü. Bu siyahıda Osmanlı dövlətinin Daxili İşlər naziri Tələt Paşa, Sədrəzəm Sait Halim Paşa, Hərbiyyə naziri Ənvər Paşa və digər rəsmilərin erməni terrorçuları tərəfindən qətlə yetirilməsini də əlavə etmək lazımdır.

Alim qeyd edib ki, erməni terrorunun üçüncü dalğası öz əhatəsinə görə daha geniş coğrafiyanı əhatə edib. Nə 1915-ci il, nə də sonrakı illərdəki hadisələrdə iştirakı olmayan şəxslərin terrora məruz qalması isə erməni terrorçularının xüsusi amansızlığını nümayiş etdirir. Osmanlı dövlətinin varisi olan Türkiyə Cümhuriyyətinin xaricdəki təmsilçilərini hədəfə alan terrorçuların bu addımı kor-koranə inam hissi ilə ifadə olunmalıdır, “böyük Ermənistan“ ideyasına inanan terrorçular günahsız insanları qətlə yetirməklə bəşəri dəyərlərin onlar üçün heç bir önəm daşımadığını göstərirdilər. Bildirilib ki, 1973-1994-cü ildə müxtəlif erməni terror təşkilatları 42 türk diplomatını qətlə yetirib. Şimali Amerika, Asiya, Avstraliya və əsasən də Qərbi Avropada, ümumiyyətlə 21 fərqli ölkədə törədilən terror aktlarında türk diplomatları ilə yanaşı, mülki şəxslər də həlak olublar.

1975-ci il oktyabrın 22-də Vyanada Türkiyənin səfiri Danış Tunalıgilə qarşı sui-qəsd ilə erməni terrorçuları o vaxtadək ən yüksək ranqlı türk diplomatını qətlə yetirdilər. Bu terrorun mahiyyəti, əhatə dairəsi və arxasında kimlərin dayandığını hələ dərk etməyən Türkiyə mətbuatı yunan terrorçularını günahlandırır, hələ də erməni əsilli terrorçu qrupların bu cinayətlərin arxasında durduğunun fərqinə varmırdı.

Danış Tunalıgilin ardından BMT-nin Vyana bölməsində çalışan Evner Ergün və Türkiyə səfirliyinin əməkdaşı Erdoğan Özen müxtəlif illərdə törədilmiş sui-qəsdlərin qurbanı olublar.

Çıxışın sonunda bu günlərdə qətlə yetirilməsinin ildönümü qeyd edilən Danış Tunalıgil və erməni terroruna qurban olan bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Vyana Cinayətlər Muzeyinin direktoru Harald Seyrl isə çıxışında Türkiyənin Avstriyadakı səfiri Danış Tunalıgilə qarşı törədilmiş sui-qəsdin təfərrüatlarını məhkəmə aktları əsasında nəql edib. Bildirilib ki, nə Danış Tunalıgil, nə də sonrakı illərdə Evner Ergün və Erdoğan Özenə qarşı terror aktlarını törədən şəxsləri həbs etmək mümkün olmayıb. Muzeydəki ekskursiya zamanı həmin dövrdə mətbuatda bu terror hadisələri barəsində dərc olunmuş məqalələr, eləcə də müxtəlif fakt və əşyalar nümayiş olunub.

Çıxış edən natiqlər Avstriya-Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyinin sədri Yardım Günəşə bu təşəbbüsə görə təşəkkür ediblər. Qeyd edilib ki, tarixi hadisələrin yerli ictimaiyyətə çatdırılması üçün maarifləndirici tədbirlər gələcəkdə də davam etdiriləcək. Beynəlxalq terrorizmin tərkib hissəsi olan erməni terroru barədə gerçəklərin tanıdılması, bu terror təşkilatlarının birbaşa iştirakı ilə yaxın keçmişdə Azərbaycan ərazilərinin işğalı və bu ərazilərdən terror məqsədilə istifadəsi beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmalıdır.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.