DÜNYA


Vyanada nüvə silahlarına qarşı beynəlxalq konfrans keçirilir

Vyana, 20 iyun, AZƏRTAC

Avstriya Xarici İşlər Nazirliyinin dəvəti ilə Vyanada kütləvi qırğın silahlarının humanitar təsirlərinə qarşı beynəlxalq konfrans təşkil olunub.

AZƏRTAC xəbər verir ki, BMT-nin Nüvə Silahlarının Qadağan olunması Sazişinə dair konfransından bir gün əvvəl baş tutan beynəlxalq tədbirin əsas hədəfi nüvə silahlarının universal qadağası üçün səyləri gücləndirməkdir. Konfransda beynəlxalq təşkilatlar, iqtisadi dairələr, vətəndaş cəmiyyəti təmsilçiləri ilə yanaşı nüvə sınaqlarından zərər çəkmiş şəxslər də iştirak edir.

Tədbirdə nüvə silahlarının humanitar təsir və riskləri müzakirə edilir, nüvə silahlarının qadağan edilməsi yolları barədə fikir mübadiləsi aparılır. Konfransda daha öncə keçirilmiş Oslo (2013), Nayarit (2014) və Vyana (2014) konfranslarından keçən dövr ərzində nüvə silahlarının yayılması sahəsində gedən proseslər də diqqət mərkəzindədir.

Konfransın təşkilatçısı olan Avstriya Xarici İşlər Nazirliyinin rəsmi saytında bildirilir ki, hazırda dünyanın doqquz dövlətinin arsenalında ümumilikdə 13100 nüvə silahı mövcuddur. Silahlanma və müasirləşdirmə proqramları, eləcə də nüvə texnologiyalarının həm dövlət, həm də qeyri-dövlət aktorları üçün əlçatan olması nüvə başlıqlarının sayını gələcəkdə artıra bilər. İnsani və texniki təbiətli yanlış hesablama, qüsur və səhvlər dəhşətli qlobal nəticələrə malik hadisələrə səbəb ola bilər. Nüvə təhlükəsi kütləvi qırğınla yanaşı qlobal səviyyədə ətraf mühit, sağlamlıq, iqtisadi inkişaf və həyat şəraiti üçün ağır zərbələr doğura və bütün bəşəriyyət üçün fəlakətə çevrilə bilər.

Konfransda beynəlxalq ekspertlər nüvə silahlarının tətbiqinin mümkün faciəvi nəticə və risklərini göstərməklə yanaşı onların sayının azaldılması istiqamətində səylərin gücləndirilməsi barədə fikir mübadiləsi aparır.

 

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.