MƏDƏNİYYƏT


Vyanada rəssam Şamo Abbasovun əsərlərinin sərgisi açılmışdır VİDEO

Vyana, 4 mart (AZƏRTAC). Martın 4-də Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycanın tanınmış rəssamı Şamo Abbasovun əsərlərinin sərgisi açılmışdır.

Tədbirdə Vyanada akkreditə olmuş diplomatik korpusun nümayəndələri, avstriyalı incəsənət həvəskarları və soydaşlarımız iştirak etmişlər.

Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova Şamo Abbasovun yaradıcılığı haqqında məlumat vermişdir. Bildirilmişdir ki, onun əsərləri Azərbaycanın, Rusiyanın, ABŞ-ın, Çexiyanın, Avstraliyanın muzeylərində və şəxsi kolleksiyalarda saxlanılır. Şamo Abbasovun tablolarında tamaşaçıya illüziya və fantaziyalarla dolu, sirli, xülya və xatirələrlə bol bir dünya təqdim olunur. Şamonun əsərlərində milli koloritə və özünəməxsusluğa malik obrazlar sadə, xeyirxah və gülərüz insanları əks etdirməklə yanaşı, tamaşaçını abstrakt və sirli bir dünyaya səyahətə aparır.

Qeyd edilmişdir ki, Şamo Abbasov müasir Azərbaycan rəssamlıq məktəbində özünəməxsus dəst-xəttə malik olmaqla bahəm, milli incəsənəti dünyada uğurla təbliğ edən fırça ustalarından biridir.

Tədbirdə Ayzenştadt Yozef Haydn Konservatoriyasının tələbəsi Müşfiq Quliyev Azərbaycan bəstəkarlarının əsərlərindən və xalq mahnılarından ibarət kompozisiyalar ifa etmişdir.

Sərgi bir neçə həftə sənətsevərlər üçün açıq olacaqdır.

 

Elgün Niftəliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.