QAN YADDAŞI
Vyanada yerli mətbuata Xocalı soyqırımı ilə bağlı məlumat verilib
Bakı, 27 fevral, AZƏRTAC
Avstriyada fəaliyyət göstərən Avstriya-Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyinin (AZER-DER) təşəbbüsü ilə Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
Azərbaycanın Avstriyadakı səfirliyinin önündə keçirilən tədbirdə Dərnək üzvləri və bu ölkədəki türk mətbuatının nümayəndələri iştirak edib.
AZƏRTAC xəbər verir ki, aksiya zamanı Azərbaycan səfirliyinin önündə yaradılmış anım guşəsinə əklillər qoyulub və Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dərnəyin sədri Yardım Günəş səfirliyin önündə Avstriyadakı türk mətbuat orqanlarının təmsilçilərinə Xocalı soyqırımı haqqında ətraflı məlumat verib. Bildirib ki, bəşəriyyətin ən qanlı səhifələrindən olan Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması və siyasi-hüquqi qiymətin verilməsi üçün hər bir diaspor üzvü və təşkilatı yerli ictimaiyyət və kütləvi informasiya vasitələri ilə sıx əməkdaşlıq etməli, ardıcıl və sistemli fəaliyyət aparmalıdır.