QAN YADDAŞI
Vyanadakı Avstriya Atatürkçü Düşüncə Dərnəyində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
Vyana, 3 mart, AZƏRTAC
Martın 3-də Vyanadakı Avstriya Atatürkçü Düşüncə Dərnəyində bəşər tarixinin ən qanlı cinayətlərindən olan Xocalı faciəsinin 26-cı ildönümü ilə əlaqədar anım tədbir keçirilib.
Tədbirdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.
Azərbaycanın Avstriyadakı səfirliyinin ikinci katibi Ruslan Qurbanov, Türkiyənin Vyanadakı baş konsulluğunda konsulun müavini Məlik Dəmirdaş, Avstriya Atatürkçü Düşüncə Dərnəyinin sədr müavini Əmre Ər, Avstriya-Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyinin sədri Yardım Günəş tədbirdə çıxış ediblər. Çıxışlarda Xocalı faciəsinin dəhşətlərindən bəhs edilib, həmin gecə bəşəriyyətin ən utancverici və qanlı soyqırımının baş verdiyi bildirilib. Qeyd edilib ki, həmin gecə təpədən dırnağadək silahlanmış erməni dəstələri silahsız dinc əhaliyə divan tutublar. Xocalı soyqırımı törədilərkən bu hadisələrə səssiz və seyrçi qalan dünya ictimaiyyəti, nəhayət ki, bu faciəyə hüquqi qiymət verməli, bəşəriyyət üçün utancverici soyqırımı törədən cinayətkarlar cəzalarını almalıdırlar.
Bildirilib ki, bu gün güclü orduya malik Azərbaycan dövləti qısa zamanda öz torpaqlarını işğaldan azad etmək qüdrətində olmasına baxmayaraq, sülhsevər mövqeyini daim ön planda nümayiş etdirərək münaqişənin dinc yolla və ərazi bütövlüyü çərçivəsində həllini tapmasına, qaçqın və məcburi köçkünlərin öz torpaqlarına geri dönməsinə çalışır.
Qeyd edilib ki, Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycan dövləti və diasporu ilə çiyin-çiyinə türk diaspor təşkilatları da fəallıq göstərir. Buna görə də dünyanın bir sıra ölkələri Xocalı soyqırımını rəsmi şəkildə tanıyıb.
Sonra tədbirdə Xocalı soyqırımına həsr olunmuş sənədli film təqdim edilib.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana