CƏMİYYƏT


Vyanada korrupsiyaya qarşı mübarizə ilə bağlı keçirilən sessiyada ölkəmiz də təmsil olunub

Bakı, 30 noyabr, AZƏRTAC

Azərbaycan Respublikası Prokurorluğunun nümayəndə heyəti Beynəlxalq Antikorrupsiya Akademiyasının üzv dövlətlərin Assambleyasının 11-ci sessiyasında iştirak edib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, noyabrın 28-də Avstriya Respublikasının paytaxtı Vyana şəhərində Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA) üzv dövlətlərin Assambleyasının 11-ci sessiyası keçirilib.

Təşkilata üzv ölkələrin yüksək səviyyəli nümayəndələrinin iştirak etdiyi tədbirdə ölkəmizi Baş prokurorun müavini Heydər Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Sessiyanın açılışında IACA-nın dekanı və icraçı direktoru Tomas Ştelzer çıxış edərək akademiyanın inkişafı ilə bağlı görülən işlər, əldə edilmiş uğurlar və gələcək planlar barədə ətraflı məlumat verib.

Tədbir çərçivəsində çıxış edən Baş prokurorun müavini Heydər Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilmiş institusional islahatlar, qanunverici və preventiv tədbirlər barədə geniş məlumat verərək, respublikamızda “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icra vəziyyəti, korrupsiya cinayətlərinin istintaqı zamanı vurulmuş maddi ziyanın ödənilməsi təcrübəsi haqqında, habelə aktivlərin izlənməsi və əmlakın bərpası sahəsində başlanmış Avropa İttifaqının tvininq layihəsinin implementasiyası üzrə görülmüş işlər barədə tədbir iştirakçıları məlumatlandırılıb.

Bundan əlavə, sessiya zamanı akademiyanın fəaliyyəti, 2021-2024-cü illər üzrə İş Proqramı, 2023-cü il üçün nəzərdə tutulmuş büdcə, eləcə də korrupsiyaya qarşı mübarizə və onun qarşısının alınması sahəsində yaranan problemlər və onların həlli yolları kimi mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.

Həmçinin Azərbaycan nümayəndə heyəti ilə akademiyanın rəhbərliyi, habelə bir sıra ölkələrin nümayəndə heyətləri ilə ikitərəfli görüşlər keçirilib və qarşılıqlı əməkdaşlıq imkanları barədə danışıqlar aparılıb. Tərəflərin Assambleyanın 11-ci sessiyasında Azərbaycanın Avstriyada səfiri və BMT-nin Vyana bölməsində daimi nümayəndəsi Rövşən Sadıqbəyli iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.