CƏMİYYƏT
Vyetnam peyki iqlim dəyişmələri ilə bağlı hadisələri tədqiq edir
Bakı, 24 yanvar, AZƏRTAC
Bu günlərdə Yaponiya kosmodromundan orbitə Vyetnamda işlənib hazırlanmış yeni tədqiqat peyki - “MicroDragon” göndərilib. AZƏRTAC BMT-yə istinadla xəbər verir ki, peykdən iqlim dəyişmələri və təbii fəlakətlərlə bağlı hadisələri tədqiq etmək məqsədi ilə istifadə olunacaq.
Birləşmiş Millətlər Təşkilatının Kosmik Fəza Məsələləri İdarəsi Hanoyun yeni nailiyyətlərini alqışlayıb. Peyk Yaponiya universitetlərində kosmik texnologiyaları öyrənən Vyetnam Kosmik Mərkəzinin 36 mühəndisi tərəfindən işlənib hazırlanıb.
“MicroDragon” dəniz resurslarına nəzarət edilməsində, dəniz suyunun keyfiyyətinin qiymətləndirilməsində və Vyetnam sahilləri boyunca təbiət hadisələrinin müşahidə olunmasında alimlərə və ekoloqlara kömək edəcək, məsələn, neft sızmaları barədə məlumat verəcək, Yer kürəsi atmosferində aerozol konsentrasiyasının səviyyəsini ölçəcək. Peyk Vyetnam Kosmik Mərkəzi tərəfindən idarə olunacaq.
“MicroDragon” peyki kosmosun dinc məqsədlərlə mənimsənilməsi sahəsində hamı tərəfindən etiraf edilmiş lider olan Yaponiyanın altı peyki ilə birlikdə orbitə buraxılıb.
BMT-nin Kosmik Fəza Məsələləri İdarəsi Kosmik Fəzadan Dinc Məqsədlərlə İstifadə Komitəsinin katibliyidir. Dünya dövlətləri bu komitənin sessiyaları çərçivəsində kosmosun mənimsənilməsi ilə bağlı elmi-texniki və beynəlxalq-hüquqi problemləri nəzərdə keçirir, tövsiyələr hazırlayır, beynəlxalq əməkdaşlığın dərinləşməsinə yönəldilmiş müxtəlif hüquqi sənədlər tərtib edirlər.