CÜMHURİYYƏT - 100
Vyetnamda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi qeyd edilib
Bakı, 6 aprel, AZƏRTAC
Vyetnamım Xo Şi Min şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi qeyd olunub.
Azərbaycanın Vyetnamdakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Vyetnam Kommunist partiyasının rəsmiləri, dövlət və qeyri-dövlət təşkilatlarının və kütləvi informasiya vasitələrinin nümayəndələri, Azərbaycan ali təhsil ocaqlarının vyetnamlı məzunları, Xo Şi Min şəhərindəki universitetlərin rəhbər şəxsləri iştirak ediblər.
Səfir Anar İmanov 1991-ci ildə müstəqilliyini bərpa edən müasir Azərbaycan Respublikasının 1918-1920-ci illərdə 23 ay ərzində mövcud olan və müsəlman Şərqində ilk dünyəvi, demokratik dövlət kimi tarixə düşən Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu bildirib.
Diplomat Azərbaycan tarixinin parlaq səhifəsi olan Xalq Cümhuriyyətinin xalqımızın qədim dövlətçilik ənənələrini yaşadaraq, həmin dövr üçün mütərəqqi hesab edilən dövlət təsisatlarının yaradılmasına nail olduğunu deyib.
Tədbirdə gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin demokratik dövlət quruculuğu, o cümlədən iqtisadiyyat, mədəniyyət, təhsil, hərb və sair sahələrdə həyata keçirdiyi işlər haqqında dolğun məlumat verilib.
Vyetnam ictimaiyyətinin nümayəndələri ölkələrimiz arasında tarixi əlaqələrdən bəhs edərək, müasir dövrdə ikitərəfli əməkdaşlığımızın sürətlə inkişaf etdiyini bildiriblər.
Tədbir zamanı nümayiş etdirilən “Əbədi ezamiyyət” filmi böyük maraqla qarşılanıb.