SİYASƏT


Vyetnamda Azərbaycanın Respublika Günü və diplomatik xidmət orqanlarının yubileyi münasibətilə rəsmi qəbul keçirilib VİDEO

Bakı, 29 may, AZƏRTAC

Azərbaycanın Vyetnamdakı səfirliyi Hanoyda 28 May – Respublika Günü və Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illik yubileyi münasibətilə rəsmi qəbul keçirib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Vyetnam Prezidenti Administrasiyasının, Nazirlər Kabinetinin, parlamentin, Kommunist Partiyasının, Xarici İşlər Nazirliyinin, digər dövlət və hökumət qurumlarının rəsmiləri, Azərbaycan təhsil ocaqlarının vyetnamlı məzunları, diplomatlar, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Səfir Anar İmanov Respublika Gününün Azərbaycanın dövlətçilik tarixinin ən parlaq və mühüm səhifələrindən olduğunu xüsusi vurğulayaraq, 1918-ci mayın 28-də İstiqlal Bəyannaməsinin qəbul olunması ilə müsəlman dünyasında ilk parlamentli demokratik respublikanın yaradıldığını bildirib.

Səfir cəmi 23 ay mövcud olduğuna baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyətində bərabərhüquqlu cəmiyyətə əsaslanan dövlət quruculuğunun, o cümlədən o zamanın qabaqcıl standartlarına cavab verən siyasi, iqtisadi, maliyyə, təhsil və elm sistemlərinin yaradılması üzrə mühüm tədbirlərin görüldüyünü, ordunun yaradıldığını, habelə bir çox dünya ölkələrindən əvvəl qadınlara səsvermə hüququnun verildiyini diqqətə çatdırıb.

Diplomat xalqımızın şücaətli mübarizəsi nəticəsində müstəqilliyimizin 1991-ci ildə bərpa edildiyini, müasir Azərbaycan dövlətinin Xalq Cümhuriyyətinin hüquqi varisi olduğunu deyib.

Səfir A.İmanov cari il Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illik yubileyinin də ölkəmizdə silsilə tədbirlərlə qeyd olunduğunu bildirib. Qeyd olunub ki, Azərbaycan Xalq Cümhuriyyəti son dərəcə fəal xarici siyasət həyata keçirib. Belə ki, 1919-cu ildə Paris Sülh Konfransında Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin sədri Ə.Topçubaşovun rəhbərlik etdiyi nümayəndə heyətinin iştirakı və 1920-ci il yanvarında Cümhuriyyətin de-fakto tanınması Azərbaycan diplomatiya tarixinin əlamətdar hadisələrindəndir.

Azərbaycanın XX əsrin sonunda müstəqilliyini bərpa etdikdən sonra BMT, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, digər beynəlxalq və regional təşkilatlara qəbul edilməsini diplomatik sahədə atılan ilk mühüm addımlar kimi qiymətləndirən A.İmanov ölkəmizin xarici siyasətinin müasir Azərbaycan dövlətinin banisi, xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən müəyyənləşdirildiyini və bu siyasətin hazırda onun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirildiyini xüsusi vurğulayıb.

Səfir Azərbaycanın son illər dövlət quruculuğu istiqamətində apardığı islahatlar, irimiqyaslı enerji və nəqliyyat layihələri, sosial-iqtisadi və humanitar sahələrindəki nailiyyətləri, habelə beynəlxalq arenadakı fəaliyyəti haqqında danışıb.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verən diplomat Ermənistan silahlı qüvvələrinin zəbt olunmuş Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT qətnamələrinin, habelə digər nüfuzlu beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərin müddəalarının yerinə yetirilməsinin rəsmi Yerevan tərəfindən tamamilə rədd edildiyini bildirib.

A.İmanov Azərbaycanın Asiya-Sakit Okean bölgəsindəki əsas tərəfdaşlarından biri olan Vyetnam ilə zəngin tarixi keçmişə əsaslanan dostluq əlaqələrinin bütün sahələrdə sürətlə inkişaf etdiyini deyib. Ulu öndər Heydər Əliyev və Vyetnamın sabiq Prezidenti Xo Şi Minin xalqlarımız arasında dostluğun möhkəmlənməsində böyük rol oynadıqlarını vurğulayan səfir Prezident İlham Əliyevin 2014-cü ildə Vyetnama dövlət səfərinin ölkələrimiz arasındakı münasibətlər tarixində yeni səhifə açdığını bildirib.

Vyetnam Xarici İşlər nazirinin köməkçisi Nquyen Van Tao Respublika Günü münasibətilə Vyetnam hökuməti adından Azərbaycan rəhbərliyinə və xalqına ən xoş təbriklərini izhar edib. O, yaxın dost kimi Vyetnamın Prezident İlham Əliyevin müdrik siyasəti ilə Azərbaycanın sosial-iqtisadi inkişafında və beynəlxalq aləmə inteqrasiyasında əldə etdiyi böyük nailiyyətlərin şahidi olduğunu məmnunluqla bildirib.

Böyük dövlət xadimləri Xo Şi Min və Heydər Əliyev tərəfindən təməli qoyulan ənənəvi dostluğun nəsillər boyunca hər iki ölkənin liderləri və xalqları tərəfindən inkişaf etdirildiyini vurğulayan Nquyen Van Tao Azərbaycan təhsil ocaqlarının minlərlə vyetnamlı məzunun ölkəsinin hazırkı sürətli inkişafına verdiyi mühüm töhfələri, habelə Azərbaycandan yüzlərlə mütəxəssisin ölkəsi üçün ən çətin dövrlərdə əvəzsiz və heç bir zaman yaddaşlarından silinməyəcək yardımını minnətdarlıqla yada salıb.

Vyetnam XİN rəsmisi iki ölkə arasında siyasi əlaqələrdə güclü etimadın mövcudluğunu vurğulayaraq, hakim partiyalar, hökumət və parlamentlərin yüksək vəzifəli şəxslərinin qarşılıqlı səfərlərinin müntəzəm şəkildə həyata keçirilməsi ilə çoxşaxəli əməkdaşlığın dinamik inkişaf etdiyini diqqətə çatdırıb. O, hər iki ölkə liderlərinin siyasi iradəsi və qətiyyəti sayəsində Vyetnam ilə Azərbaycan arasında ənənəvi dostluq və çoxtərəfli əməkdaşlığın daimi əsasda inkişaf edəcəyinə əminliyini ifadə edib, bunun dövlətlərin milli mənafeyinə tam şəkildə cavab verdiyini, habelə region və dünyada sülh, sabitlik və inkişafın təmin olunmasına ciddi töhfə verəcəyini bildirib.

Tədbir zamanı Azərbaycanın hərtərəfli inkişafını əks etdirən videoçarxlar nümayiş etdirilib, milli mətbəx nümunələrindən ibarət ziyafət təşkil olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.