SİYASƏT
Vyetnamda Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb




Pekin, 27 sentyabr, AZƏRTAC
Azərbaycanın Vyetnamdakı səfirliyi Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş anım tədbiri keçirib.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, COVID-19 pandemiyası səbəbindən videokonfrans formatında təşkil olunmuş tədbirdə Vyetnam ictimaiyyətinin təmsilçiləri, diplomatlar, Azərbaycan-Vyetnam Dostluq Assosiasiyasının, Azərbaycan Elmi, Mədəniyyəti və Tarixi üzrə Mərkəzin nümayəndələri Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanov 2020-ci il sentyabrın 27-də başlanmış və noyabrın 8-də Azərbaycanın Zəfəri ilə başa çatmış hərbi əməliyyatlar barədə ətraflı məlumat verib. Səfir müharibə zamanı Prezident, Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik məharəti və güclü iradəsi, əsgər və zabitlərimizin şücaəti, fədakarlığı və qəhrəmanlığı, bütövlükdə Azərbaycan xalqının sıx birlik nümayiş etdirilməsi sayəsində Qələbə qazandığımızı diqqətə çatdırıb.
Səfir A.İmanov Azərbaycan Silahlı Qüvvələrinə müqavimət göstərə bilməyən düşmənin günahsız mülki şəxsləri hədəfə aldığını, yaşayış məntəqələrimizi ağır artilleriya və raket atəşinə tutduğunu, nəticədə çox sayda dinc sakinin həlak olduğunu və yaralandığını bildirib.
Səfir Azərbaycanın Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərin tarixə qızıl hərflərlə qəhrəmanlıq salnaməsi kimi yazıldığını, ölkəmizin ərazi bütövlüyü və müstəqilliyi naminə canlarını fəda edən şəhidlərin xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını deyib. Bu xüsusda səfir tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, müharibədə qəhrəmancasına vuruşmuş, ölkənin ərazi bütövlüyü uğrunda canlarından keçmiş və işğaldan azad edilmiş torpaqlarda Azərbaycan bayrağını qaldırmış əsgər və zabitlərimizin xatirəsinə hörmət və ehtiram göstərilməsi məqsədilə Prezident İlham Əliyev 27 sentyabr tarixini Anım Günü elan edib.
Qeyd olunub ki, Azərbaycanın Zəfəri regionda dayanıqlı sülhün və təhlükəsizliyin təminatı üçün mühüm amildir.
Tədbir iştirakçıları Azərbaycan xalqına, Vətən müharibəsi zamanı həlak olan hərbçilərin və mülki şəxslərin ailələrinə başsağlığı ifadə edib, Vyetnamın da çoxsaylı müharibələr yaşadığını və azadlıq yolunda böyük itkilərlə üzləşdiyini xatırladaraq, Azərbaycan xalqını yaxşı anladıqlarını bildiriblər.
Azərbaycan-Vyetnam Dostluq Assosiasiyasının sədri Nhiyem Vu Khay torpaqlarımızın işğaldan azad edilməsi münasibətilə təbriklərini çatdırıb, xalqımıza sülh və tərəqqi arzulayıb.
Tədbir çərçivəsində Ermənistanın 30 il ərzində işğal altında saxladığı ərazilərimizdə törətdiyi vandallığı əks etdirən foto və video materiallar nümayiş olunub.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin