SİYASƏT


Vyetnamda çətin vəziyyətə düşmüş azərbaycanlılar ölkəmizə təxliyə edilib

Bakı, 4 dekabr, AZƏRTAC

COVID-19 pandemiyası səbəbindən Vyetnam Sosialist Respublikasının Phu Quoç adasında çətin duruma düşmüş 2 azərbaycanlı Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Azərbaycana təxliyə olunub.

Bu barədə AZƏRTAC-a Dövlət Komitəsindən bildirilib.

Qeyd edilib ki, Azərbaycan Respublikasının vətəndaşları Nurəddin Cavadov və Hüseyn Mehtizadə Dövlət Komitəsinə ünvanladıqları müraciətdə restoran sahəsində çalışmaq üçün bu ilin fevralından Vyetnamın Phu Quoç adasında məskunlaşdıqlarını, lakin COVID-19 pandemiyası səbəbindən bütün planlarının pozulduğunu və maddi baxımdan çətin duruma düşdüklərini bildiriblər.

Məsələyə çevik reaksiya göstərən Dövlət Komitəsi soydaşlarımızla və Azərbaycanın Vyetnam Sosialist Respublikasındakı səfirliyi ilə əlaqə saxlayaraq vətəndaşlarımızın ölkəmizə təxliyəsi üçün mümkün aspektləri müzakirə edib.

Pandemiya səbəbindən yaranmış çətinlikləri nəzərə alaraq Diasporla İş üzrə Dövlət Komitəsi soydaşlarımıza maddi yardımın göstərilməsi üçün müvafiq vəsaiti Azərbaycanın Vyetnam Sosialist Respublikasındakı səfirliyinin hesabına köçürüb və təxliyə prosesi həyata keçirilib.

Artıq hər iki vətəndaşımız Azərbaycana qayıdaraq ailələrinə qovuşub.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Diasporla İş üzrə Dövlət Komitəsi xaricdə yaşayan soydaşlarımızın hər bir müraciətinə həssas və diqqətlə yanaşır, onlara mümkün dəstəyi göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.