SİYASƏT
Vyetnamda keçirilən konfransda Azərbaycanın müstəqillik dövründə qazandığı uğurlardan danışılıb
Pekin, 20 oktyabr, AZƏRTAC
Ölkəmizin Vyetnamdakı səfirliyi, Azərbaycanın Elmi, Mədəniyyəti və Tarixi üzrə Mərkəzin birgə təşkilatçılığı ilə Hanoy şəhərində “Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 30 illiyi: dövlətin yüksəlişi” mövzusunda konfrans keçirilib.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, pandemiya ilə əlaqədar tətbiq olunan məhdudiyyətlər səbəbindən onlayn formatda keçirilən konfransda Vyetnamın dövlət qurumlarının, hakim partiya və parlamentinin nümayəndələri, Azərbaycan-Vyetnam Dostluq Assosiasiyasının, Azərbaycanın Elmi, Mədəniyyəti və Tarixi üzrə Mərkəzin üzvləri, diplomatlar, beyin mərkəzlərinin və təhsil ocaqlarının rəhbərləri, jurnalistlər iştirak ediblər.
Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanov ölkəmizin ötən 30 ildə keçdiyi yolun əsas hadisələrinə tarixi nəzər salaraq, müstəqilliyinin bərpasının ilk illərində Azərbaycanın qarşılaşdığı təhdidlər və çətinliklərindən bəhs edib. O, Ermənistanın hərbi təcavüzünün, müharibənin acı nəticələrinin, o cümlədən etnik təmizləmə nəticəsində bir milyona yaxın sakinin öz yurd-yuvalarından didərgin düşməsinin, ölkəni bürüyən iqtisadi və siyasi böhranın dövlətçiliyimizin qorunub saxlanmasına ciddi təhdidlər təşkil etdiyini bildirib. Belə çətin vəziyyətdə Azərbaycan xalqı ümummilli lider Heydər Əliyevi ölkəyə rəhbərliyə dəvət edərək, onun ətrafında birləşdi. Ulu Öndərin müdrik rəhbərliyi ilə Azərbaycan bütün çətinliklərdən müvəffəqiyyətlə çıxaraq yeni tarixində nailiyyətlərlə dolu müstəqil yolunu davam etdirdi.
Səfir bildirib ki, Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmlənməsində, beynəlxalq aləmə sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynayıb. Heydər Əliyevin milli qurtuluş ideologiyasının təntənəsini müstəqil respublikamızın davamlı inkişafında onun siyasi davamçısı Prezident İlham Əliyev reallaşdırır.
Diplomat ötən dövrdə müstəqil xarici siyasət kursu nəticəsində Azərbaycanın beynəlxalq arenada nüfuzunun yüksəldiyini xüsusi vurğulayıb. Bildirib ki, müstəqillik dövründə Azərbaycanın əldə etdiyi ən mühüm nailiyyət şanlı Ordumuzun Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində düşmənə qalib gələrək, əzəli torpaqlarımızı işğaldan qurtarması və ölkənin ərazi bütövlüyünü bərpa etməsidir.
İşğal dövründə xalqımızın tarixi, mədəni və dini irsinə dəymiş ziyan, habelə Vətən müharibəsi zamanı Ermənistanın törətdiyi müharibə cinayətləri, o cümlədən şəhər və kəndləri raket atəşinə tutması barədə ətraflı məlumat verən səfir Azərbaycanın azad olunmuş ərazilərində aparılan bərpa və quruculuq işlərindən danışıb, Zəfər yolunun, Füzuli Beynəlxalq Hava Limanının, magistral yolların və digər infrastruktur obyektlərinin inşasından, habelə dini və mədəni abidələrin bərpası üzrə görülən işlərdən söz açıb.
Səfir müharibə zamanı Azərbaycanın haqlı mövqeyini dəstəkləyən ölkələrin şirkətlərini Qarabağın bərpa işlərində iştiraka dəvət edildiklərini bildirib. Diplomat beynəlxalq platformalarda, o cümlədən müharibə zamanı BMT-nin Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı müzakirələr zamanı Vyetnamın Təhlükəsizlik Şuranın qeyri-daimi üzvü qismində Azərbaycanın haqlı və beynəlxalq hüquqa əsaslanan mövqeyini dəstəklədiyini xatırladıb, bu xüsusda bu ölkənin işgüzar dairələrini və şirkətlərini Qarabağa sərmayə yatırmağa və bərpa işlərində iştirak etməyə çağırıb.
Azərbaycanın Elmi, Mədəniyyəti və Tarixi üzrə Mərkəzin direktoru Dao Xuan Tien, Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının sədri Nqhiem Vu Khai, Türkiyənin Vyetnamdakı səfiri Haldun Tekneçi, Vyetnamın İraq və BƏƏ-dəki keçmiş səfiri, Yaxın Şərq üzrə aparıcı siyasi icmalçı Nquyen Quanq Khai, Vyetnam Diplomatik Akademiyasının keçmiş rektor müavini, baş lektoru Le Thanh Binh, Beynəlxalq Frankofoniya İnstitutunun rektoru Nqo Tu Lap, Azərbaycanın Elmi, Mədəniyyəti və Tarixi üzrə Mərkəzinin üzvü xanım Le Thi Bich Honq ölkəmizlə bağlı müxtəlif mövzularda çıxış ediblər.
Natiqlər Azərbaycanı müstəqilliyinin bərpasının 30 illiyi münasibətilə təbrik edib, ölkəmizə və xalqımıza davamlı tərəqqi, sülh və əmin-amanlıq arzulayıblar. Onlar Vətən müharibəsinin Azərbaycanın Qələbəsi ilə nəticələnməsini alqışlayaraq, beynəlxalq hüquq və normalara uyğun olaraq ölkəmizin öz ərazi bütövlüyünü təmin etməyə tam hüququ olduğunu vurğulayıb, rəsmi Bakının regionda sülhün, sabitliyin və təhlükəsizliyin bərqərar olması ilə bağlı atdığı addımları dəstəkləyiblər.
Çıxışlarında Azərbaycanın dünyada qüdrətli, inkişaf etmiş, beynəlxalq səviyyədə yüksək nüfuza malik olan ölkə kimi tanınmasında ulu öndər Heydər Əliyevin və onun siyasi varisi, Prezident İlham Əliyevin müstəsna rolundan ətraflı bəhs ediblər.
Konfrans əsnasında Vətən müharibəsindən sonrakı dövrdə Azərbaycan tərəfindən irəli sürülən təşəbbüslərin vacibliyi vurğulanıb, onların həyata keçirilməsinin Cənubi Qafqaz bölgəsində sülh və sabitliyin bərqərar olmasına gətirib çıxaracağına əminlik ifadə edilib. Sonra iştirakçıların çoxsaylı sualları cavablandırılmışdır. Tədbir zamanı mövzu ilə bağlı müxtəlif fotomateriallar nümayiş etdirilib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin