ELM VƏ TƏHSİL
Vyetnamın ali təhsil ocaqları Azərbaycan universitetləri ilə əməkdaşlığı genişləndirmək niyyətindədir
Bakı, 25 sentyabr, AZƏRTAC
Vyetnamın Xo Şi Min Milli Universiteti Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlığa, o cümlədən tələbə və müəllimlərin qarşılıqlı səfərlərini həyata keçirməyə, müxtəlif layihələr reallaşdırmağa, habelə birgə tədbirlər təşkil etməyə hazırdır.
Bunu universitetin rektoru Huynh Thanh Dat Vyetnamda səfərdə olan Azərbaycan nümayəndə heyəti ilə görüşdə deyib.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, iki ölkə arasında təhsil əlaqələrinin zəngin tarixə malik olduğunu söyləyən rektor, ötən əsrin ortalarında minlərlə vyetnamlının Azərbaycanın təhsil ocaqlarını bitirdiyini xatırladıb, həmin məzunların müharibədən sonra Vyetnamın dirçəlişində və bugünkü sürətli inkişafında fəal iştirak etdiklərini bildirib. Huynh Thanh Dat bu yardıma görə Azərbaycan xalqına və hökumətinə dərin təşəkkürünü bildirib.
Azərbaycan təhsil nazirinin müavini Firudin Qurbanov dostluq münasibətlərinin təməlinin Vyetnam Prezidenti Xo Şi Min və müasir müstəqil Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu xüsusi vurğulayıb, hazırda əlaqələrin hər iki ölkənin rəhbərliyi tərəfindən sürətlə inkişaf etdirildiyini söyləyib.
Nazir müavini iki ölkənin təhsil ocaqları və elm mərkəzləri arasında birbaşa əlaqələrin qurulmasının böyük önəm daşıdığını, Bakı Dövlət Universiteti (BDU), Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Vyetnam tərəfi ilə sıx əməkdaşlıq etməyə hazır olduğunu vurğulayıb. O, iki ölkənin ali təhsil ocaqlarının qatıldığı forumun keçirilməsi barədə Vyetnamın Təhsil və Təlim Nazirliyi ilə razılığa gəlindiyini qeyd edib.
Görüşdə BDU-nun rektoru, akademik Abel Məhərrəmov rəhbərlik etdiyi, zəngin tarixə malik universitetdə XX əsrin ortalarında müxtəlif ixtisaslar üzrə çoxlu sayda vyetnamlının təhsil aldığını bildirib. A.Məhərrəmov elm və təhsil sahələrində əlaqələrin inkişafının zəruriliyini xüsusi vurğulayıb, rəhbərlik etdiyi ali təhsil ocağının Vyetnam tərəfi, o cümlədən Xo Şi Min Milli Universiteti ilə tələbə-müəllim mübadiləsinə, təqaüdlərin ayrılmasına, həmçinin birgə layihələrin həyata keçirilməsinə hazır olduğunu deyib.
Tərəflər hər iki xalqın istəyini və dövlətlərin milli maraqlarını nəzərə alaraq, qarşılıqlı fayda əsasında elm və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsinin, habelə sadalanan istiqamətlər üzrə hüquqi bazanın yaradılıb təkmilləşdirilməsinin vacibliyini xüsusi vurğulayıblar.
Xo Şi Min Milli Universiteti və Bakı Dövlət Universitetinin təqdimatları olub. Sonra bu iki universitet arasında anlaşma memorandumu imzalanıb.
Qeyd olunub ki, Vyetnamın cənubunda yerləşən nüfuzlu Xo Şi Min Milli Universitetində 60 min tələbə təhsil alır.
Görüşdə ADNSU-nun rektoru Mustafa Babanlı, bu ali məktəbin, Təhsil Nazirliyinin, BDU-nun əməkdaşlarından ibarət nümayəndə heyəti iştirak edib.