SİYASƏT


Vyetnamın nüfuzlu VTC1 televiziya kanalında Azərbaycan haqqında veriliş yayımlanıb VİDEO

Bakı, 13 fevral, AZƏRTAC

Vyetnamın 50 milyondan çox tamaşaçısı olan VTC1 televiziya kanalında “Azərbaycan-sirlər yurdu” adlı film nümayiş etdirilib.

AZƏRTAC xəbər verir ki, filmdə Azərbaycanın təbiəti, turizm imkanları, zəngin mədəniyyəti, o cümlədən mətbəxi, milli musiqisi və rəqsi, xalçaçılıq sənəti, çövkən oyunu, habelə qədim tarixi abidələrindən və zəngin memarlığından geniş bəhs olunub.

Qeyd olunub ki, Şərq ilə Qərbin kəsişdiyi məkanda yerləşən, zəngin mədəniyyətə malik Azərbaycan son illər dünyanın sürətlə inkişaf edən ölkələrindən birinə çevrilib. Azərbaycanın əsrarəngiz təbiətə malik olması ilə yanaşı, dünyanın zəngin qədim tarix və memarlıq mərkəzlərindən biri olduğu bildirilib.

Filmdə Bakının qədimliyi, habelə Azərbaycanın zəngin mədəniyyəti, “İçərişəhər” və Qobustan qoruqları haqqında ətraflı bəhs edilərək, hər iki kompleksin UNESCO-nun Dünya İrs Siyahısına daxil edildiyi bildirilib. Azərbaycandakı binaların tarixi barədə müfəssəl məlumat verilən filmdə qeyd olunub ki, XX əsrin əvvəllərində Bakıda Avropa memarlığı üslubu ilə bir çox bina tikilib, müasir dövrdə də həmin istiqamətin davam etdirildiyi diqqətə çatdırılıb.

Filmdə Vyetnamın media və turizm şirkətlərinin nümayəndələrindən ibarət qrupun Azərbaycana səfərinə və keçirdiyi görüşlərə toxunularaq, hər iki ölkənin turizm sahəsində böyük əməkdaşlıq potensialına malik olduğu vurğulanıb.

Yekunda vyetnamlılara müxtəlif iqlim qurşağında yerləşən və turistlər üçün son dərəcə cazibədar olan Azərbaycana səfər etmək tövsiyə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.