ELM VƏ TƏHSİL


Azərbaycanın üç ali təhsil müəssisəsi Vyetnamın “Dostluq” ordeni ilə təltif olunub

Bakı, 22 sentyabr, AZƏRTAC

Təhsil nazirinin müavini Firudin Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti Vyetnam Sosialist Respublikasında səfərdədir.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, nümayəndə heyətinə Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlı və digər şəxslər daxildirlər.

Səfərin ilk günü nümayəndə heyəti Vyetnamın təhsil və təlim nazirinin müavini Fam Man Hunq ilə görüşüb. Görüşdə F.Qurbanov iki ölkənin prezidentlərinin qarşılıqlı səfərlərinin digər sahələrlə yanaşı, təhsil sahəsində də əməkdaşlıq imkanları üçün əlverişli zəmin yaratdığını bildirib.

F.Qurbanov, eyni zamanda, ölkəmizdə təhsil sahəsində aparılan islahatlar haqqında geniş məlumat verib.

Fam Man Hunq vyetnamlı mütəxəssislərin hazırlanmasında Azərbaycan ali təhsil müəssisələrinin müstəsna rol oynadığını, dörd mindən çox vyetnamlının ölkəmizdə təhsil aldığını, həmin məzunların hazırda Vyetnamın müxtəlif dövlət və özəl qurumlarında çalışdıqlarını söyləyib. Ali təhsil müəssisələri arasında əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayan Fam Man Hunq Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlı olduğunu bildirib.

Ölkəmizin nümayəndə heyəti Vyetnam Sosialist Respublikasının Vunq Tau şəhərində keçirilən ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunan ikinci Azərbaycan-Vyetnam Dostluq Forumunda iştirak edib.

Forumda çıxış edən F.Qurbanov bildirib ki, 2014-cü il mayın 19-da Azərbaycan Respublikasının Prezidenti Vyetnama rəsmi səfəri çərçivəsində ölkəmizdə təhsil almış vyetnamlı məzunlarla görüşüb. Həmin görüş zamanı Prezident İlham Əliyev tərəfindən irəli sürülən təşəbbüsə və müvafiq tapşırığa uyğun olaraq, birinci Azərbaycan-Vyetnam Dostluq Forumu 2015-ci il mayın 7-də Bakıda vyetnamlı məzunların iştirakı ilə yüksək səviyyədə təşkil edilib.

F.Qurbanov Azərbaycan Prezidentinin 2017-ci il 11 sentyabr tarixli müvafiq sərəncamları ilə ölkələrimiz arasında dostluq və əməkdaşlığın inkişafında xidmətlərinə görə Vyetnam Sosialist Respublikası Milli Assambleyasının üzvü, Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının prezidenti Nghiem Vu Khai və Vyetnam Sosialist Respublikası Prezident Administrasiyasının beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nguyen Vu Ha Lenin “Tərəqqi” medalı ilə təltif edildiyini bildirib və ali mükafatı sahiblərinə təqdim edib.

Forumda Vyetnam hökuməti adından çıxış edən, Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü, Hərbi Dəniz Qüvvələrinin Komandanı Fam Hoai Nam özünün də vaxtilə Bakıda təhsil aldığını qeyd edib, Azərbaycan hökumətinə vyetnamlı tələbələrə yaratdığı bu imkana və dəstəyə görə təşəkkürünü bildirib.

Vyetnamlı mütəxəssislərin hazırlanmasında fəal rol oynamış Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi, Bakı Dövlət Universiteti və Azərbaycan Neft və Sənaye Universiteti Vyetnam Sosialist Respublikasının Prezidenti tərəfindən bu ölkənin “Dostluq” ordeni ilə təltif olunub.

Fam Hoai Nam ordeni təqdim edib.

Daha sonra Vyetnam Sosialist Respublikası Milli Assambleyasının üzvü, Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının prezidenti Nghiem Vu Khai və “Vietsovpetro” şirkətinin direktoru Do Man Hung, sabiq vitse-prezident Nguyen Ti Doan çıxış edərək Azərbaycan ilə olan tarixi əlaqələrin, xüsusilə təhsil sahəsində əməkdaşlığın əhəmiyyətini qeyd edib, bu əlaqələrin inkişafının vacibliyini vurğulayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.