İDMAN
WADA Fransa məhkəməsinin IAAF-ın sabiq prezidenti ilə bağlı verdiyi qərarını alqışlayıb
Bakı, 17 sentyabr, AZƏRTAC
Dünya Antidopinq Agentliyi (WADA) Fransa məhkəməsinin Beynəlxalq Atletika Federasiyaları Assosiasiyasının (IAAF) sabiq prezidenti Lamine Diaka dörd il həbs cəzası verməsi qərarını alqışlayıb.
AZƏRTAC xəbər verir ki, L.Diaka Paris məhkəməsi tərəfindən korrupsiya ittihamı ilə iki ili şərti olmaqla, dörd il həbs cəzası verilib. Bu işdə adı hallanan Ümumrusiya Atletika Federasiyasının keçmiş prezidenti Valentin Balaxniçev isə üç il həbs cəzasına məhkum edilib.
WADA prezidenti Vitold Banka bu qərarı idmançılar və təmiz idman üçün qələbə adlandırıb. O, qeyd edib ki, məhkəmənin qərarı heç kimin qanundan üstün olmadığını göstərir. İdmanla əlaqəli korrupsiyanın dünyanın cinayət mühakimə sistemləri tərəfindən ciddi qəbul edilməsinin ürəkaçan olduğunu bildirən qurumun prezidenti fransız müstəntiqlərinə təqdim edilən bütün faktların təsdiqlənməsindən məmnun olduğunu vurğulayıb.
Səksən yeddi yaşlı L.Diak 1999-cu ildən 2015-ci ilədək quruma rəhbərlik edib. O, aktiv və passiv korrupsiyada, etimaddan sui-istifadədə, cinayətkar dəstənin tərkibində çirkli pulların yuyulmasında ittiham edilib.