İDMAN


WADA-nın ekspert qrupu Moskvadadır

Bakı, 10 yanvar, AZƏRTAC

Dünya Antidopinq Agentliyinin (WADA) ekspertləri Moskvadakı antidopinq laboratoriyasının məlumat bazasını yoxlamaq üçün Rusiya paytaxtına üçgünlük səfərə gəliblər.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, ötən ilin sentyabrın 20-də WADA Rusiya Antidopinq Agentliyinin 2015-ci ildə ləğv olunmuş səlahiyyətlərini bərpa edib. Bu addımın başlıca şərti isə dekabrın 31-dək Moskvadakı antidopinq laboratoriyasının məlumat bazasının yoxlanılması olub. Beynəlxalq ekspertlər noyabr və dekabr aylarında bu laboratoriyada olsalar da, avadanlıq sertifikatları Rusiya standartlarına uyğun gəlmədiyi üçün yoxlama apara bilməyiblər.

WADA-nın ekspertləri bildiriblər ki, onların Moskvada keçirəcəkləri yoxlamanın dəqiq müddəti bilinməsə də, bu işlərin iki-üç gün davam edəcəyi güman olunur.

Bu səfərdən əvvəl 16 ölkənin antidopinq agentliklərinin rəhbərləri Rusiyanın dekabrın 31-dək məlumat bazasını təqdim etmədiyini əsas gətirərək, Rusiya Antidopinq Agentliyinin səlahiyyətlərinin yenidən dayandırılmasını tələb ediblər. Bu addım rusiyalı idmançıların beynəlxalq yarışlardan kənarlaşdırılması ilə nəticələnə bilər.

Yanvarın 14-də isə WADA-nın komitəsi yenidən Rusiya Antidopinq Agentliyinin statusu məsələsinə baxacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.