İDMAN
WADA-nın yeni prezidentinin seçkisi 2019-cu il noyabrın 7-də Katovitsedə keçiriləcək
Bakı 15 noyabr, AZƏRTAC
Ümumdünya Antidopinq Agentliyinin (WADA) yeni prezidentinin seçkisi 2019-cu il noyabrın 7-də Katovitsedə keçiriləcək.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, seçkilər təsisçilər şurasının iclasında keçiriləcək. Həmin iclasın tarixi və yeri çərşənbə günü WADA-nın İcraiyyə Komitəsinin Bakıda keçirilmiş iclasında təsdiq olunub.
WADA-nın hazırkı prezidenti Kreyq Ridi bu təşkilata 2013-cü ildən rəhbərlik edir. Ridinin səlahiyyət müddəti başa çatanda o, vəzifəsini tərk edəcək. 77 yaşlı şotlandiyalı Kreyq Ridi idman birliyinin nümayəndəsidir. Buna görə də, təşkilatın qaydalarına əsasən, WADA-nın növbəti rəhbəri dövlət nümayəndəsi olmalıdır. Norveçin uşaqlar, hüquq bərabərliyi və sosial inteqrasiya məsələləri üzrə naziri, hazırda WADA-nın vitse-prezidenti olan Linda Helleland və Polşanın idman naziri Vitold Banka bu vəzifəni tutmaq arzusunu bildiriblər.
WADA-nın İcraiyyə Komitəsinin Azərbaycan paytaxtında keçirilən iclasında Təsisçilər Şurasının növbəti iclasının tarixi və yeri də təsdiq edilib: həmin iclas gələn il mayın 16-da Monrealda keçiriləcək.