İDMAN


WK-1 versiyası üzrə beynəlxalq reytinq döyüşlərində Azərbaycan dörd idmançı ilə təmsil olunacaq

Tbilisi, 11 noyabr, AZƏRTAC

Noyabrın 11-də Gürcüstanın paytaxtı Tbilisi şəhərində idmanın WK-1 versiyası üzrə peşəkarlar arasında ikinci beynəlxalq reytinq döyüşləri keçiriləcək.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın “Qartal” Peşəkar İdman Klubunun və Gürcüstanın Tayboksinq və Kikboksinq Federasiyasının birgə təşkil etdiyi çempionatda 22 idmançı mübarizə aparacaq.

“Qartal” klubunun prezidenti Yaqub İbrahimov yarış ərəfəsində keçirilən mətbuat konfransında bildirib ki, döyüşlərdə Azərbaycan, Gürcüstan, Türkiyə, Qazaxıstan, Özbəkistan və İran idmançıları mübarizə aparacaqlar. Azərbaycan turnirdə 4 idmançı - “Qartal” klubunun yetirmələri Murad Babayev (81 kq çəki dərəcəsi), Emin Bəşirov (67 kq), Amin Talıbov (33 kq) və “Borçalı” idman klubunun üzvü Ayxan Əsədov (55 kq) ilə təmsil olunacaq.

Gürcüstanın Tayboksinq və Kikboksinq Federasiyasının prezidenti Qoça Cavaxiya bildirib ki, Tbilisidə keçirilən peşəkarlar arasında beynəlxalq reytinq döyüşlərinin böyük əhəmiyyəti var. Bu yarışlar müxtəlif ölkələri təmsil edən idmançılar arasında rəqabət yaradır və bu da onların peşəkarlıq səviyyəsini yüksəldir. Döyüşlər idmançıların dünya çempionatlarına daha yaxşı hazırlaşmasına kömək etməklə yanaşı, kikboksinqin populyarlaşmasına kömək edir.

Qazaxıstan nümayəndə heyətinin üzvü, baş məşqçi Daniyar Yusufov yarışlara qatılan idmançıların peşəkarlıq səviyyəsinin yüksək olduğunu deyib. Türkiyə və Özbəkistan komandalarının rəhbərləri çempionatının təşkilini yüksək qiymətləndiriblər. Bildirilib ki, bu cür yarışlar idmanın inkişafı ilə yanaşı, dostluq əlaqələrinin möhkəmlənməsində, idmançıların təcrübə qazanmalarında mühüm əhəmiyyət kəsb edir.

AZƏRTAC beynəlxalq reytinq döyüşlərinə informasiya dəstəyi verir.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.