ELM VƏ TƏHSİL
“Wi-Fi” və ekran özəlliyinə malik idman ayaqqabıları
Bakı, 17 oktyabr, AZƏRTAC
“Virgin America” şirkəti “First Class” adlanan idman ayaqqabılarının yeganə nümunəsini təqdim edib.
AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, fərqli dizayna malik bu ayaqqabılar italyan dərisindən hazırlanıb və təhlükəsizlik kəmərləri ilə təchiz olunub. Həmin kəmərlər standart ayaqqabı iplərini əvəz edir. Sağ ayaqqabıda yerləşdirilən rəngli kiçik ekranda videoya baxmaq mümkündür. Ekran ayaqqabının daxilinə yerləşdirilən, üç saatadək enerji təmin edə bilən batareya hesabına işləyir. Belə ki, “First Class” ayaqqabıları müxtəlif cihazları enerji ilə təmin etmək üçün USB girişə, interneti təmin etmək üçün “Wi-Fi router”ə malikdir.
“Virgin America” şirkətindən bildirilib ki, oktyabrın 23-də hərraca çıxarılacaq ayaqqabıdan əldə olunacaq vəsait xeyriyyəçilik üçün xərclənəcək.