İQTİSADİYYAT
“Windows 10” əməliyyat sistemində 20 illik boşluq aşkar edilib
Bakı, 5 avqust, AZƏRTAC
Təhlükəsizlik məsələləri üzrə ekspertlər "Windows 10 Anniversary Update" adlı ən yeni yeniləmə paketində ilk dəfə 1997-ci ildə təsvir edilmiş təhlükəli boşluq aşkar ediblər. Təhlükəsizlik sistemində boşluq sayəsində hakerlər istifadəçilərin məlumatlarına müdaxilə edə bilir.
AZƏRTAC “mail.ru”ya istinadla xəbər verir ki, fayl, printer və başqa şəbəkə resurslarına uzaq məsafədən giriş üçün tətbiq edilən "Server Message Block" ("SMB") şəbəkə protokolunda boşluq qeydə alınıb. Həmin boşluq hakerlərin sistemə müdaxilə etməsinə, "Microsoft" hesabı üçün loqin və parolu ələ keçirməsinə imkan verir. Əvvəllər bu boşluğa ciddi əhəmiyyət verilmirdi. Hazırda daha çox insan “Microsoft” hesabından istifadəyə əsaslanan məhsullardan istifadə edir.
Ekspertlər məlumat veriblər ki, “Chrome”, “Firefox” və digər populyar brauzerlər bu problemdən sığortalanıb.