ELM VƏ TƏHSİL


“WorldSkills Asia 2021” bacarıq yarışlarında Azərbaycanı təmsil edəcək namizədlərin seçim turu keçiriləcək

Bakı, 22 iyul, AZƏRTAC

İyulun 23-də Azərbaycan Respublikası Təhsil Nazirliyi və Peşə Təhsili üzrə Dövlət Agentliyinin tərəfdaşlığı ilə “WorldSkills Azerbaijan” platforması tərəfindən ölkəmizi kiber təhlükəsizlik istiqaməti üzrə “WorldSkills Asia 2021” bacarıq yarışlarında təmsil edəcək şəxslərin seçim turu keçiriləcək.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, Sənaye və İnnovasiyalar üzrə Bakı Peşə Təhsili Mərkəzində reallaşacaq seçim mərhələsinə onlayn qaydada qeydiyyatdan keçmiş 30 iştirakçı qatılacaq. Ümumilikdə iki hissədən ibarət olan seçim mərhələsi 4 saat davam edəcək və namizədlər 3 istiqamət üzrə tapşırıqları həll edib öz biliklərini sınayacaq.

Qeyd edək ki, seçim mərhələsində ən yaxşı nəticə göstərən şəxs 28-31 iyul tarixlərində “WorldSkills Asia” tərəfindən təşkil ediləcək kibertəhlükəsizlik yarışında Azərbaycanı təmsil etmək hüququ qazanacaq. Onlayn formatda təşkil ediləcək yarışlara 26 ölkənin nümayəndələrinin iştirakı nəzərdə tutulur.

Xatırladaq ki, “WorldSkills Azerbaijan” peşəkarlığın və bacarıqların inkişafı üçün milli platformadır. Azərbaycan 2020-ci ildə peşə bacarıqlarını beynəlxalq səviyyədə təbliğ edən “WorldSkills” hərəkatına qoşulub. Dünyada müxtəlif bacarıq istiqamətləri üzrə olimpiya yarışlarının təşkilatçısı kimi tanınan “WorldSkills” hərəkatı əmək bazarının tələblərinə və qlobal standartlara uyğun peşəkarlar yetişdirmək, həmin standartları təhsil sisteminə inteqrasiya etmək imkanı yaradır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.