“WorldSkills Azerbaijan”ın iştirakçıları “Qızıl Şah” milli kulinariya çempionatında medal qazanıblar
AzerTAg.az
Bakı, 23 may, AZƏRTAC
“WorldSkills Azerbaijan”ın aşpazlıq istiqaməti üzrə seçilmiş iştirakçıları 3 komanda ilə “Qızıl Şah” milli kulinariya çempionatında təmsil olunaraq 2 qızıl, 2 gümüş medala və “Qaliblər qalibi” kubokuna layiq görülüb.
Bu barədə AZƏRTAC-a Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, ölkə üzrə 25 yaşa qədər “Junior Practical Team” kateqoriyasında yarışan 18 komanda arasında peşəkarlıq və fərqli üslub sərgiləyən “WorldSkills Azerbaijan”ın iştirakçıları Ümumdünya Kulinariya Təşkilatının hakimləri tərəfindən yüksək qiymətləndirilib.
Çempionat iştirakçılarından 6 nəfər Bakı Turizm Peşə Məktəbi, Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Dəniz Nəqliyyatı, Gəmiqayırma və Liman İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbə və məzunlarıdır.
Xatırladaq ki, “WorldSkills Azerbaijan”nın aşpazlıq istiqaməti üzrə iştirakçıları cari ilin oktyabr ayında keçiriləcək “WorldSkills Shanghai 2022” beynəlxalq yarışda iştirak üçün Peşə Təhsili üzrə Dövlət Agentliyi və “CÀSÀ” Kulinariya Sənətləri Mərkəzində əməkdaşlığı çərçivəsində təlim-təcrübə proqramına cəlb olunublar.
“WorldSkills Azerbaijan” peşəkarlığın və bacarıqların inkişafı üçün milli platformadır. Dünyada müxtəlif bacarıq istiqamətləri üzrə olimpiya yarışlarının təşkilatçısı kimi tanınan “WorldSkills” hərəkatı əmək bazarının tələblərinə və qlobal standartlara uyğun peşəkarlar yetişdirmək, həmin standartları təhsil sisteminə inteqrasiya etmək imkanı yaradır.

Xəbərin mətnində orfoqrafik səhv var