ELM VƏ TƏHSİL


“WorldSkills Azerbaijan”ın nümayəndə heyəti bacarıqların inkişafı üzrə vebinarda iştirak edib

Bakı, 25 iyun, AZƏRTAC

Azərbaycanda bacarıq yarışlarının təşkilinə dəstək üçün Peşə Təhsili üzrə Dövlət Agentliyi və Koreyanın Biliklərin Transferi üzrə Qlobal İnstitutu (GIFTS) arasında imzalanan anlaşma memorandumu çərçivəsində “Dayanıqlı bacarıq yarışları sistemi üzrə bilik mübadiləsi” mövzusunda üçüncü vebinar baş tutub. Vebinarda səkkiz ölkənin təmsilçiləri iştirak edib.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, onlayn formatda keçirilən tədbirin məqsədi yerli mütəxəssislərin potensialının inkişaf etdirilməsi, ölkə səviyyəsində yarışların keçirilməsi olub. Eyni zamanda, Azərbaycandan olan mütəxəssis və müsabiqəçi heyətinin Koreya milli yarışlarında iştirakının təşkil edilməsi ilə bağlı bilik və təcrübə mübadiləsi aparmaq nəzərdə tutulub.

“WorldSkills” yarışları çərçivəsində veb-texnologiyaları bacarığı üzrə baş ekspert müavini Seunglyul Ryu və GIFTS təşkilatının bacarıq yarışları departamentinin direktor müavini Man Hee Bang “Bacarıqların inkişaf etdirilməsi və müsabiqələrin hazırlanması təşkil edilməsi” mövzusunda çıxış ediblər. Koreyanın ən yaxşı təcrübələrini tədbir iştirakçıları ilə bölüşüblər. Koreyalı nümayəndələr veb-texnologiya bacarığı üzrə infrastrukturun yaradılması, test tapşırıqlarının hazırlanması prosesi və qiymətləndirmənin aparılması metodlarından bəhs ediblər.

Vebinarda iştirakçılar bacarıqların analizi və yeni bacarıqların yarışlara daxil edilməsi mövzuları ətrafında da fikir mübadiləsi aparıb.

Xatırladaq ki, “WorldSkills Azerbaijan” peşəkarlığın və bacarıqların inkişafı üçün milli platformadır. “WorldSkills” hərəkatına qoşulmaq Azərbaycanda bacarıqlı gənclərdən dünya standartlarına və əmək bazarının tələbinə uyğun peşəkarlar yetişdirməyə, eləcə də həmin standartların təhsil sisteminə tətbiqinə xidmət edir. Bununla yanaşı, təşkilat bacarıqlı gənclərə dünyanın ən nüfuzlu peşə yarışlarında iştirak və Azərbaycanı beynəlxalq müstəvidə təmsil etmək imkanı yaradır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.