ELM VƏ TƏHSİL


“WorldSkills Competition 2022 Special Edition” yarışlarında iştirak üçün milli müsabiqənin final mərhələsi keçirilir

Bakı, 18 avqust, AZƏRTAC

“WorldSkills Competition 2022 Special Edition” beynəlxalq bacarıq yarışlarında ölkəmizi təmsil edəcək namizədin müəyyən olunması üçün aşpazlıq üzrə milli müsabiqənin final mərhələsi keçirilir.

Bu barədə AZƏRTAC-a Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, 4 gün davam edəcək yarış müddətində iştirakçılar sirli qutuda təqdim olunan inqrediyentlərdən istifadə edərək dörd saat ərzində aşpazlıq bacarıqlarını göstərəcəklər. Namizədləri hər gün üçün xüsusi seçilmiş tapşırıqlar gözləyir.

Müsabiqənin sonunda iştirakçılardan yalnız biri oktyabrın 23-dən 26-dək İsveçrənin Lütsern şəhərində keçiriləcək “WorldSkills Competition 2022 Special Edition” beynəlxalq bacarıq yarışında Azərbaycanı təmsil etmək hüququ qazanacaq.

Xatırladaq ki, aşpazlıq üzrə milli müsabiqənin III mərhələsi ötən ilin noyabr ayında baş tutub və seçilən uğurlu iştirakçılar “CÀSÀ” Kulinariya Mərkəzində 6 aylıq hazırlıq proqramına cəlb olunublar.

Müsabiqə Peşə Təhsili üzrə Dövlət Agentliyi, “WorldSkills Azerbaijan” platforması və “CÀSÀ” Kulinariya Mərkəzinin əməkdaşlığı çərçivəsində keçirilir.

Qeyd edək ki, “WorldSkills Azerbaijan” peşəkarlığın və bacarıqların inkişafı üçün milli platformadır. Dünyada müxtəlif bacarıq istiqamətləri üzrə olimpiya yarışlarının təşkilatçısı kimi tanınan “WorldSkills” hərəkatı əmək bazarının tələblərinə və qlobal standartlara uyğun peşəkarlar yetişdirmək, həmin standartları təhsil sisteminə inteqrasiya etmək imkanı yaradır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.