İQTİSADİYYAT


“World ATM Congress 2019” çərçivəsində AZANS və “Eurocontrol” arasında görüş keçirilib

Bakı, 13 mart, AZƏRTAC 

Madriddə keçirilən “World ATM Congress 2019” çərçivəsində “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin (HHİ) (AZANS) nümayəndələri və Avropa regionunun hava məkanının idarə edilməsi mərkəzinin (Network Manager Operations Centre - NMOC) direktoru Co Sultanın başçılıq etdiyi “Eurocontrol”un nümayəndə heyəti arasında görüş keçirilib.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə “Eurocontrol” və AZANS arasında gələcək əməkdaşlıq məsələləri, habelə “Eurocontrol”un strateji tərəfdaşı və axınların planlaşdırılması zamanı əlaqələndirici qovşaq olan Azərbaycanın rolu müzakirə edilib.

AZANS və “Eurocontrol” arasında sazişin imzalanmasının zəruri olduğu qeyd edilib. Həmin saziş hava hərəkətində gözlənilməz hallar baş verdiyi təqdirdə hava axınlarının planlaşdırılması zamanı regional yardım mərkəzi qismində Hava məkanından istifadənin səmərəliliyi, strategiya və inkişaf mərkəzi (ASEC) tərəfindən istifadə ediləcək.

Bu il fevralın 27-28-də Pakistanla Hindistan sərhədində baş verən hadisələrdən sonra Pakistan öz hava məkanını bağladığı zaman bu məsələ daha də aktual olub. Bu dövrdə hava hərəkəti axınlarının səmərəli təşkilinə zərurət xeyli dərəcədə artıb.

“World ATM Congress” hava hərəkətinin təşkili sahəsində dünyada ən böyük sərgi və konfrans hesab olunur. Hər il burada təxminən 10 min nəfər iştirak edir.

“Azərbaycan Hava Yolları”nın tərkibinə daxil olan AZANS Azərbaycan Respublikasının hava məkanında uçuşların təhlükəsizliyinin təmin edilməsini həyata keçirir. AZANS hər gün 500-dən çox hava gəmisinə xidmət göstərir, onlardan 300 hava gəmisi Azərbaycan ərazisindən keçən tranzit reyslər yerinə yetirir.

“Eurocontrol” 41 üzv dövlətdən və xüsusi razılaşması olan 2 dövlətdən ibarət hökumətlərarası təşkilatdır. Tərəfdaşları ilə birlikdə “Eurocontrol” hava hərəkətinin təşkilinin səmərəliliyini təmin edən vahid Avropa səmasını yaratmaq niyyətindədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.