İQTİSADİYYAT
“World SME Forum” İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin portalı ilə əməkdaşlığa hazırdır
Bakı, 6 dekabr, AZƏRTAC
Dünya Kiçik və Orta Sahibkarlıq Forumu (“World SME Forum”) İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) portalı ilə əməkdaşlığa hazırdır.
Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, bu fikir İİTKM-nin icraçı direktoru Vüsal Qasımlının Dünya Kiçik və Orta Sahibkarlıq Forumunun icraçı direktoru Tunc Uyanıkın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə səsləndirilib. Görüşdə iki qurum arasındakı əməkdaşlıq, birgə layihələrin perspektivləri, həmçinin Azərbaycanda artıq yekunlaşmaq üzrə olan strateji yol xəritəsində kiçik və orta sahibkarlığın inkişafına verilən önəm barədə fikir mübadiləsi aparılıb.
V.Qasımlı ölkə başçısının müvafiq Sərəncamı ilə yaradılan Azərbaycanda istehsal olunan mallar və həmin malların istehsalçıları barədə məlumatları əks etdirən internet portal haqqında qonaqlara məlumat verib. Portalın funksionallığını artırmaq üçün buraya iri logistik şirkətlər, ödəniş sistemləri cəlb edilib. Həmçinin dünya miqyasında önəmli yer tutan elektron ticarət portalları ilə əməkdaşlığa dair razılıq da əldə olunub.
O əlavə edib ki, yeni portal, xüsusən kiçik və orta sahibkarların işini asanlaşdıracaq.
“World SME Forum”un icraçı direktoru T.Uyanık Azərbaycanda belə bir layihənin reallaşdırılmasının sevindirici olduğunu vurğulayıb. O, rəhbərlik etdiyi qurumun Azərbaycan portalı ilə əməkdaşlığa hazır olduğunu bildirib: “Çünki “World SME Forum”un buna bənzər layihəsi var və onun portalla inteqrasiya imkanları böyükdür”.