DÜNYA
Worldometer: Dünyada koronavirusa yoluxma hallarının sayı 420 milyonu ötüb
Bakı, 18 fevral, AZƏRTAC
Dünya üzrə COVID-19 infeksiyasına yoluxanların sayı 420 milyon nəfəri ötüb.
AZƏRTAC pandemiyanın statistikasını aparan Worldometer saytına istinadla xəbər verir ki, fevralın 17-də bütün dünyada koronavirusa 2 milyon 28 min 495 yoluxma faktı aşkarlanıb. Bununla da yoluxanların ümumi sayı 420 milyon nəfəri keçib. Həmçinin infeksiya səbəbindən ölənlərin sayı 5 milyon 880 min nəfərə, sağalanların sayı 343 milyon 883 min nəfərə çatıb.
ABŞ pandemiyanın başlanğıcından COVID-19 infeksiyasına yoluxanların və virusdan ölənlərin sayına görə dünyada liderlik edir. Ölkədə koronavirusa 79 milyon 915 mindən çox insan yoluxub, onlardan 955 min 497 nəfəri həyatını itirib, 51 milyon 19 mindən çox insan isə sağalıb.
Yoluxanların sayına görə ikinci yerdə gedən Hindistanda 42 milyon 780 min nəfərdə COVID-19 xəstəliyi təsdiqlənib, 510 min 937 nəfər vəfat edib, sağalanların sayı 41 milyon 977 min nəfərə çatıb.
Yoluxma göstəricisinə görə üçüncü pillədə Braziliya qərarlaşıb. Bu Cənubi Amerika ölkəsində pandemiya dövrü ərzində 27 milyon 941 min nəfər virusa yoluxub, onlardan 641 min 997 nəfəri ölüb, 24 milyon 708 min nəfəri sağalıb.