SİYASƏT
XALQIMIZIN BÖYÜK RƏHBƏRİ, BÖYÜK OĞLU HEYDƏR ƏLİYEVİ DƏSTƏKLƏMƏKLƏ TARİXİ, VİCDANİ BORCUMUZU BİR DAHA ŞƏRƏFLƏ YERİNƏ YETİRMİŞ OLACAĞIQ
-Biz Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin son 34 ildə elm, ədəbiyyat və incəsənətimizin inkişafında göstərdiyi fədakarlıqların, yaratdığı xarüqələrin şahidi olmuşuq. Milli mədəniyyətimizin bugünkü yüksəlişi, xüsusilə Azərbaycan dilinin beynəlxalq səviyyəli elm, ədəbiyyat dilinə, siyasi-diplomatik dilə çevrilməsində, tarixi-yazılı abidələrimizin, dahi sənətkarların qiymətləndirilməsindəki rolu bizə bəllidir. Bu səviyyəyə yüksəlmiş milli mədəniyyətimizin dünya miqyasında şöhrətlənib öz həqiqi tarixi yerini tutmasında da cənab Heydər Əliyevin əvəzedilməz, ardıcıl xidmətləri vardır. Məhz hörmətli Prezidentimizin yorulmaq bilməyən səyləri və zəhməti nəticəsində Azərbaycan Respublikası daim inkişaf edən iqtisadiyyatı, sülhsevər siyasəti, milli mədəniyyəti ilə dünya dövlətləri, xalqları içində layiqli yerini tuta bilmişdir. Cənab Heydər Əliyev ömrünün ən şanlı illərini Azərbaycana, onun yüksəlişinə həsr etmiş, müdrik rəhbərliyi ilə respublikanı iqtisadi böhranlardan, vətəndaş müharibəsindən xilas etmiş, ölkəmizdə siyasi sabitlik yaradaraq, iqtisadiyyatımızın əsası hesab olunan neft strategiyasını həyata keçirmişdir.
Cənab Heydər Əliyev öz şüurlu həyatını Azərbaycan xalqına həsr etdiyi kimi, Azərbaycan xalqı da öz Prezidentinə böyük məhəbbətini sübut edərək, onu dəfələrlə respublikanın rəhbəri seçmişdir.
Bu il oktyabrın 15-də prezident seçkiləri zamanı biz xüsusi fəallıq göstərməklə, xalqımızın böyük rəhbəri, böyük oğlu cənab Heydər Əliyevi dəstəkləməklə tarixi, vicdani borcumuzu bir daha şərəflə yerinə yetirəcək, Azərbaycanın gələcəkdə də inkişafı və xoşbəxtliyinin təmin edilməsinə səs vermiş olacağıq.