SİYASƏT
XALQIMIZIN QƏHRƏMANLIQ VƏ FACİƏ SƏHİFƏSİ
Yanvarın 14-də Azərbaycan Müəllimlər İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş mərasim keçirilmişdir.
Əvvəlcə respublikamızın suverenliyi, azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda öz canlarından keçərək qəhrəmanlıq nümunəsi göstərmiş Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
İnstitutun rektoru, professor Məmmədhənifə Musayev 20 Yanvarın Azərbaycanın qan yaddaşında əbədi iz saldığını qeyd edərək, keçmiş sovet İttifaqı rəhbərləri və onların respublikamızdakı əlaltılarının əli ilə xalqımıza qarşı törədilmiş qanlı qırğının hüquqi-siyasi qiymətinin yalnız görkəmli dövlət xadimi, Prezident Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verildiyini diqqətə çatdırmışdır.
Mərasimdə çıxış edən alimlər illər boyu öz müstəqilliyi və azadlığı uğrunda mübarizə aparan xalqımızın fərsiz rəhbərlərin xəyanəti və ermənipərəst qüvvələrin düşmənçilik fəaliyyəti nəticəsində imperiya qurbanlarına çevrildiyini bildirmiş, bu cür hadisələrin Azərbaycan xalqının iradəsini qıra bilmədiyini vurğulamışlar.
Natiqlər milli ideyaların həyata keçirilməsi yolunda əvəzsiz xidmətlərinə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirmişlər.