SİYASƏT
XALQIMIZIN SƏADƏTİNƏ VƏ AZƏRBAYCANIN TƏRƏQQİSİNƏ HƏSR EDİLMİŞ HƏYAT
Zəmanəmizin görkəmli siyasi və dövlət xadimi Heydər Əlirza oğlu Əliyevin vəfatı barədə ələmli və kədərli xəbər gələn kimi, təkcə Ukraynada deyil, səfirliyimizin akkreditə olunduğu Belarus və Moldovada yaşayan həmvətənlərimiz Azərbaycanın diplomatik nümayəndəliyinə ardı-arası kəsilmədən zəng vurmağa başladılar. Gecədən keçməsinə baxmayaraq, azərbaycanlılar və ukraynalı dostlarımız səfirliyə gəlir və əvəzsiz itki ilə əlaqədar Azərbaycan xalqına dərin hüznlə və səmimiyyətlə başsağlığı verirdilər. Hamının gözləri qüssə-kədərli yaşla dolmuşdu.
Azərbaycanın müxtəlif xalqları və millətlərindən olan adamlar müasir dünya tarixinə misilsiz töhfə vermiş insanın nurlu xatirəsini yad etmək üçün dekabrın 13-də səhər tezdən axın-axın səfirliyimizə gəlirdilər.
Ölkəmizin Ukraynadakı səfiri Tələt Əliyev deyir: “Bu gün Azərbaycan xalqı müasir tariximizdə özünün ən kədərli və ələmli hadisəsini yaşayır – millətin atası Heydər Əliyev həyatdan getmişdir. O, özünün həyatını, böyük ürəyini və coşğun fəaliyyətini güclü, çiçəklənən və xoşbəxt Azərbaycan qurulmasına sərf etmişdir. O, bizi qorudu, amma biz onu qoruya bilmədik. Lakin bu görkəmli siyasətçinin adı təkcə bizim qəlbimizdə deyil, Azərbaycan millətinin bütün nəsillərinin qəlbində əbədi yaşayacaqdır. Bu kədərli anda mən hamını Prezident İlham Əliyevin ətrafında sıx birləşməyə və öz yorulmaz fəaliyyətimizlə Azərbaycanın daha da güclənməsinə və çiçəklənməsinə - Heydər Əliyevin bütün ömrünü həsr etdiyi işə kömək göstərməyə çağırıram”.