SİYASƏT
XALQI BİR DƏFƏ FACİƏLƏRƏ DÜÇAR ETDİYİNİZ BƏS DEYİLMİ, CƏNAB BOŞBOĞAZLAR?!
NƏRİMANOV RAYON İCTİMAİYYƏTİ NÜMAYƏNDƏLƏRİNİN BƏYANATINDA BELƏ DEYİLİR
Daxili sabitliyi pozmağa çalışan dağıdıcı müxalifət, himayəsindəki qəzetlərdə Azərbaycan Prezidenti Heydər Əliyevin ünvanına insanlıqdan kənar ifadələr işlədir, bu cür çirkin əməllərlə siyasi kapital toplamağa çalışırlar. Şəxsi iddialarının və hikkələrinin əsiri olan bu sabiq vəzifə sahiblərinin, xalqın mənafeyini heç vaxt düşünməyən, bütün insani keyfiyyətlərdən, əxlaqi fəzilətlərdən uzaq, amma özlərini ziyalı adlandıran bir qrup korafəhmin siyasi möhtəkirliyi, bütün xalqda olduğu kimi, rayonumuzun ictimaiyyətində də qəzəb və hiddət doğurmuşdur.
“Bəlkə də qaytardılar” xülyası ilə yaşayan bu xəstə təxəyyüllü insanlar dünya şöhrətli siyasətçi, Azərbaycanın ümummilli lideri, xalqımızın azadlığının qarantı, yeni müstəqil dövlətimizin memarı, müdrik ağsaqqalımız Heydər Əliyevin səhhətində baş verən narahatlığı əldə bayraq edərək ölkəmizin başçısına qarşı şayiələr, böhtanlar yağdırmaqla, düşmənlərimizin dəyirmanına su tökməklə özlərinin nə qədər miskin, rəzil və siyasi cəhətdən savadsiz olduqlarını bir daha sübut etdilər.
Onların qəzet səhifələrində yer alan şəxsi iddialı bəyanatları başdan-ayağa yalan, böhtan, qarayaxma üzərində qurulmaqla, milli mənafeyimizə və milli dövlətçiliyimizə xəyanət, arxadan vurulan zərbədir. Onlar bütün əxlaqi dəyərləri, mənəviyyat prinsiplərini öz çirkin və məkrli xislətlərinə qurban verərək, qarşıdan gələn prezident seçkilərinin anarxiya və özbaşınalıqla müşayiət olunmasına cəhd göstərməklə çox iyrənc mübarizə metodu seçmişlər. Bu, sübut edir ki, Azərbaycan müxalifətinin heç bir sosial bazası yoxdur. Belə müxalifət cəmiyyət tərəfindən ciddi qəbul olunmur və tarixdən silinəcəyi labüddür.
Ötən əsrin 90-cı illərinin əvvələrində tanklar üzərində gələrək siyasi hakimiyyəti zorla ələ keçirən indiki müxalifət ölkənin ərazi bütövlüyünün itirilməsində, daxili sabitliyin pozulmasında, təhsilin, elmin, səhiyyənin, iqtisadiyyatın iflic vəziyyətə salınmasında bilavasitə günahkardır. Onların bacarıqsızlığı nəticəsində Azərbaycanda dövlət böhranın, hakimiyyətsizliyin, xaosun, başıpozuqluğun kulminasiya nöqtəsinə çatması ilə vətəndaş müharibəsi və müstəqiliyimizin itirilməsi təhlükəsi yarandı.
O zaman xalq təkidlə Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı və bu, ümummilli hərəkata çevrildi. Müdrik siyasətçinin, təcrübəli və iradəli dövlət xadiminin yenidən hakimiyyətə gəlməsi azərbaycançılığa və soykökə qayıdışın qələbəsi günü oldu. Heydər Əliyev başabəla müxalifətin vətəndaş müharibəsi həddinə gətirdiyi məmləkətə dayaq oldu, ürəklərə təpər, qollara qüvvət, dizlərə taqət verdi. Parçalanmaq təhlükəsi qarşısında qalan Azərbaycanın müstəqilliyini dönməz etdi, ölkədə özbaşınalığı, başıpozuq silahlı dəstələri ləğv etdi.
Dünyada gedən siyasi proseslərə təsir göstərə bilən Prezidentimiz Heydər Əliyev şəxsiyyətinə kölgə salmaq mümkün deyil, buna cəhd etmək siyasi nadanlıq, mənəviyyatsizlıq, əxlaqsızlıq, millətinə və dövlətinə xəyanətdir. Ona görə də dövlətimizin rəmzi olan möhtərəm Prezidentimizin ünvanına böhtan yağdıranların ciddi cəzalandırılmasını tələb edirik.
Bəyanat Nərimanov rayon ictimaiyyəti
nümayəndələrinin 2003- cü il mayın 10-da
keçirilmiş toplantısında qəbul edilmişdir.