Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

XALQ ARTİSTİ İLHAMƏ QULİYEVAYA

Hörmətli İlhamə xanım!

Sizi – Azərbaycan estrada sənətinin tanınmış nümayəndəsini yubileyiniz münasibətilə təbrik edir, Sizə cansağlığı, xoşbəxtlik və uzun ömür arzulayıram.

Siz Azərbaycan musiqisinin inkişafında böyük xidmətləri olan bir ailənin nümayəndəsi kimi xalq ifaçılıq məktəbinin zəngin ənənələrini davam etdirməklə yanaşı, Azərbaycan estrada sənətinə yeni nəfəs gətirmisiniz. Bənzərsiz səsiniz, orijinal ifaçılıq qabiliyyətiniz və yüksək peşəkarlığınız səhnəyə gəldiyiniz ilk günlərdən Sizə pərəstişkarlarınız arasında böyük rəğbət və məhəbbət qazandırmışdır. Azərbaycan estradasının korifeyləri ilə birgə çıxış etdiyiniz konsert proqramları Sizi Azərbaycan bəstəkarlarının əsərlərinin mahir ifaçısı kimi tanıtmışdır.

Milli estradamızda böyük ustalıqla səciyyələnən fəaliyyətiniz sənətə bağlılığınızın bariz nümunəsidir. Əminəm ki, Siz repertuarınızı yeni mahnılarla daim zənginləşdirəcək və bundan sonra da Azərbaycan musiqisinin inkişaf etdirilməsində əlinizdən gələni əsirgəməyəcəksiniz.

Sizə yaradıcılığınızda yeni-yeni uğurlar arzu edirəm.

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 avqust 2002-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin