MƏDƏNİYYƏT
XALQ ŞAİRİNİN XATİRƏ LÖVHƏSİ AÇILMIŞDIR
AZƏRTAC xəbər verir ki, martın 14-də xalq şairi Mirvarid Dilbazinin yaşadığı Hüsü Hacıyev küçəsindəki bir nömrəli binanın fasadına onun xatirə lövhəsi vurulmuşdur. Bu münasibətlə keçirilən və ədəbi ictimaiyyətin tanınmış nümayəndələrinin, ziyalıların qatıldıqları tədbiri Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar açaraq, Mirvarid Dilbazinin ədəbiyyatımızdakı rolundan, poeziyamızın inkişafındakı xidmətlərindən danışmış, yaradıcılığının bəzi sənətkarlıq xüsusiyyətlərini diqqətə çatdırmışdır.
Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət arxivinin direktoru Maarif Teymurov, Yazıçılar Birliyinin katibi, xalq şairi Fikrət Qoca və başqaları mərhum şairəmizin şəxsiyyəti, yaradıcılığı barədə fikirlərini bölüşmüş, onunla bağlı xatirələrini söyləmişlər.
Bildirilmişdir ki, bu günlərdə şairənin yaşadığı binanın ətrafındakı küçələrdən birinə Mirvarid Dilbazinin adı verilmişdir.
Şairənin qızı Xatirə xanım anasının xatirəsinə göstərilən diqqət və ehtirama görə dövlətimizin başçısı İlham Əliyevə və tədbir iştirakçılarına dərin minnətdarlığını bildirmişdir.
Axırda xatirə lövhəsinin önünə gül-çiçək dəstələri düzülmüşdür.