MƏDƏNİYYƏT
XALQ ŞAİRİ QABİL VƏFAT ETMİŞDİR
Xalqımıza ağır itki üz vermişdir. Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Dövlət mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, xalq şairi Qabil (Qabil Allahverdi oğlu İmamverdiyev) 2007-ci il aprelin 4-də, gecə ürək çatışmazlığından vəfat etmişdir.
Azərbaycan poeziyasına qiymətli incilər bəxş etmiş Qabil 1926-cı ildə Bakıda anadan olmuşdur. İlk mətbu şeiri 1944-cü ildə nəşr edilmişdir. Mərhum şairimiz “Ədəbiyyat və incəsənət” qəzetində, “Azərbaycan” jurnalında müxtəlif vəzifələrdə çalışmış, milli poeziyamızın inkişafında və gənc ədəbi nəslin yetişməsində xüsusi xidmətlər göstərmişdir. Yaradıcılığının ilk illərində “Səhər açılır”, “Mənim mavi Xəzərim”, “Küləkli havalarda”, “Qoy danışsın təbiət” və sair kitabları işıq üzü görmüşdür. 1958-ci ildə, ailə-məişət və əxlaq məsələlərindən bəhs edən “Mehparə” poeması, böyük Azərbaycan şairi İmadəddin Nəsimiyə həsr olunmuş “Nəsimi” poeması (kitab) ona dərin oxucu məhəbbəti qazandırmışdır. Əsərləri xarici dillərə tərcümə olunmuş görkəmli şair, eyni zamanda, özü də müxtəlif xalqların şairlərinin şeirlərini tərcümə etmişdir.
Son vaxtlar Azərbaycan Yazıçılar Birliyində Ağsaqqallar Şurasının sədri kimi fəaliyyət göstərən Qabilin ədəbi və ictimai fəaliyyəti yüksək qiymətləndirilmişdir. O, bir sıra orden və medallara, o cümlədən Azərbaycan Respublikasının ali dövlət təltiflərinə - “Şöhrət” və “İstiqlal” ordenlərinə layiq görülmüşdür.
Görkəmli şair cismən aramızdan getsə də, zəngin ədəbi irsi, nəcib əməlləri ilə Qabilsevərlərin qəlbində daim yaşayacaqdır.
Allah rəhmət eləsin!