XALQ YALNIZ REAL İŞ GÖRMƏYİ BACARAN SİYASƏTÇİLƏRİ QƏBUL EDİR, MÜXALİFƏT LİDERLƏRİ İSƏ BU BACARIQDAN MƏHRUMDURLAR
AzerTAg.az
BU, SƏBAİL RAYONU TƏHSİL İŞÇİLƏRİNİN
YEKDİL FİKRİDİR
İyulun 25-də Səbail rayonu təhsil işçilərinin yığıncağı keçirilmişdir.
Rayon Təhsil şöbəsinin müdiri Sara Xanlarova yığıncağı açaraq demişdir ki, ölkəmizin inkişafında, onun dünyaya tanıdılmasında xalqımızın müdrik lideri, Prezident Heydər Əliyevin xidmətləri əvəzsizdir. Lakin bəzi siyasətbazlar bunu dərk etmək istəmirlər. Son zamanlar dövlətimizin başçısının səhhəti ilə bağlı müxalifət mətbuatında dərc olunan yalan və böhtanlarla dolu, heç bir etikaya sığmayan hədyanlar rayonun təhsil işçilərini də hədsiz dərəcədə hiddətləndirmişdir.
7 nömrəli orta məktəbin direktoru Süsən Rəsulova, 39 nömrəli uşaq bağçasının müdiri Rahilə Məmmədova, 160 nömrəli orta məktəbin direktoru Faina Ələkbərova, Bülbül adına orta ixtisas musiqi məktəbinin direktoru Nigar Cərullaqızı, 219 nömrəli orta məktəbin müəllimi Nailə Rəhimova, 46 nömrəli uşaq bağçasının müdiri Solmaz Verdiyeva və başqaları çıxış edərək, Prezident Heydər Əliyevin apardığı daxili və xarici siyasəti ürəkdən dəstəklədiklərini vurğulamış, müxalifət qəzetlərində dövlətimizin başçısının səhhəti ilə bağlı dərc edilən həqiqətdən uzaq, qərəzli yazılara öz etirazlarını bildirmiş və bunun milli mənafeyə və xalqımızın əxlaqına yad olduğunu söyləmişlər. Natiqlər ölkəmizdə bərqərar olmuş demokratiyanın verdiyi imkanlardan sui-istifadə edərək, yalan və böhtanlarla dolu məlumatlar yayan mətbuat orqanlarının bağlanmasını tələb etmişlər.
Yığıncaqda bəyanat qəbul olunmuşdur. Bəyanatda deyilir:
- Azərbaycan Respublikasının bütün vətəndaşları kimi, biz - Səbail rayonunun təhsil işçiləri də dövlətimizin və cəmiyyətimizin inkişafı yolunda əngələ çevrilən radikal müxalifətə qarşı qəzəb hissi keçiririk. Prezident seçkiləri yaxınlaşdıqca, müxalif qaragüruha məxsus simasız mətbuat orqanları azğın və nalayiq kampaniyanı genişləndirərək, ölkənin beynəlxalq nüfuzuna zərbə vurmağa, Azərbaycana qarşı sanksiyalar qəbul olunmasına çalışırlar. Lakin onlar bir həqiqəti unutmuşlar ki, daha populist çıxışlarla xalqımızı aldada bilməyəcəklər. Çünki xalq yalnız real iş görməyi bacaran siyasətçiləri qəbul edir. Müxalifət liderləri isə bu bacarıqdan məhrumdurlar.
Səbail rayonunun təhsil işçiləri bəyan edirlər ki, çox zəngin və mənalı ömür yaşamış, dünya diplomatiyasının görkəmli xadimi, Azərbaycan təhsilinin himayədarı və təəssübkeşi olan Prezident Heydər Əliyevə qarşı atılan böhtanlar müstəqil dövlətçiliyimizə vurulan zərbədir.
Biz dərindən dərk edirik ki, Prezident Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə bütün sahələrdə olduğu kimi, təhsil sistemində də çox böyük uğurlar qazanılmışdır. Müəllimə hörmət, həssas münasibət daim Prezidentimizin diqqət mərkəzində olmuşdur. Son dövrdə dövlətimizin başçısının təhsilin inkişaf etdirilməsi və müəllimlərin əmək haqlarının artırılması ilə bağlı gördüyü ardıcıl tədbirlər buna daha bir əyani sübutdur.
Azərbaycan müxalifəti isə ölkə həyatının bütün sahələrində olan irəliləyişi görmək istəmir, siyasi mübarizəni hakimiyyətə qarşıdurmaya getməkdə, gərginliyi süni surətdə artırmaqda, ictimai-siyasi sabitliyi pozmaqda görür. Antikonstitusion çağırışların, qanunsuz hərəkətlərin intensiv xarakter alması müxalifətin ruporu olan “Yeni Müsavat”, ”Hürriyyət”, “Azadlıq” və digər qəzetlərin misli görünməmiş aqressivliyi, böhtan və iftira kampaniyasını qızışdırması ilə müşayiət olunur. Müxalifət qəzetlərində Prezidentin səhhəti ilə bağlı insanlığa yaraşmayan məkrli, yalan informasiyalar yayılması, təhqir və hədyanlarla dolu ifadələr işlədilməsi ölkə ictimaiyyətində haqlı narahatlıq və hiddət doğurmuşdur.
Bu gün biz - Səbail rayonunun təhsil işçiləri ölkə ictimaiyyətinin səsinə səs verərək, müxalifət dairələrinin dövlətçiliyə və xalqa zidd əməllərini, etikadan və insanlıqdan kənar hərəkətlərini pisləyir, sabitliyi pozmaq üçün təxribat törətmək cəhdlərinin qarşısının qanunun bütün gücü ilə alınmasını, mətbuat qanunlarını pozan, “çirkin mətbuat” adını almış qəzetlərin bağlanmasını əlaqədar təşkilatlardan qətiyyətlə tələb edirik.
Xəbərin mətnində orfoqrafik səhv var