MƏDƏNİYYƏT
XALQ YAZIÇISI İLYAS ƏFƏNDİYEV HAQQINDA SƏNƏDLİ FİLMİN ÇƏKİLİŞİNƏ HAZIRLIQ GÖRÜLÜR
AZƏRTAC xəbər verir ki, “Azərbaycantelefilm”də “Bizim qəribə taleyimiz” adlı yeni sənədli filmin çəkilişinə hazırlıq gedir.
Film XX əsrin tanınmış yazıçı-dramaturqu İlyas Əfəndiyevin həyat və fəaliyyətinə həsr olunacaqdır. Onun “Sən həmişə mənimləsən”, “Unuda bilmirəm”, “Məhv olmuş gündəliklər”, “Atayevlər ailəsi”, “Mahnı dağlarda qaldı”, “Hökmdar və qızı” pyesləri milli dramaturgiyamızın ən yaxşı nümunələrindəndir.
Tammetrajlı sənədli film tamaşaçılara yazıçı-vətəndaşın həyatının məlum olmayan tərəflərindən də söhbət açacaqdır.
Sənədli filmin rejissoru Elşən Zeynallının sözlərinə görə, çəkilişlər yeni ilədək başa çatacaqdır. Filmin ssenari müəllifi Mailə Muradxanlı, redaktoru Vüqar Tapdıqlı, operatoru Mətləb Yaqubovdur.