SİYASƏT
XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLILARA DİQQƏT ARTIRILIR
Komitədən AZƏRTAC-a bildirmişlər ki, qurumun nümayəndələri Perm vilayətində azərbaycanlıların “Dalğa” ictimai təşkilatının rəhbərliyinin köməyi sayəsində soydaşlarımızın vəziyyəti ilə yaxından tanış olmuşlar. Perm vilayəti qubernatorunun müavini V.Şukin və vilayətin daxili işlər idarəsinin miqrasiya işi üzrə şöbə rəisi V.Fadeyevlə keçirilən görüşlərdə yerli azərbaycanlıların qeydiyyat və miqrasiya problemləri müzakirə olunmuşdur. Perm vilayətində Azərbaycan milli mədəniyyət mərkəzinin yaradılması, yerli KİV-lərdə Azərbaycan diasporunun fəaliyyətinin işıqlandırılması barədə razılıq əldə edilmişdir. Görüşlərdə Perm və Azərbaycan arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi məsələsi də diqqət mərkəzində olmuşdur.
Rusiyanın Ufa, Voloqda, Kaluqa, Çelyabinsk şəhərlərində yerli hakimiyyət orqanları rəhbərləri ilə keçirilən görüşlərdə də azərbaycanlıların problemləri müzakirə olunmuş, bəzi məsələlər öz həllini tapmışdır.